Keçən həftə Kiyevdə ukraynalı rəsmilərlə keçirilən görüşdə ABŞ-ın ordu naziri Den Driskoll vəziyyətə qaranlıq qiymət verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatlı iki mənbə “NBC News”a danışıb.
Mənbələrin dediyinə görə, Driskoll həmkarlarına Ukrayna ordusunun cəbhədə ağır durumda olduğunu və Rusiya qüvvələrinə qarşı qaçılmaz məğlubiyyət riski ilə üzləşdiyini bildirib.
O qeyd edib ki, ruslar hava hücumlarının miqyasını və intensivliyini artırır, habelə faktiki olaraq məhdudiyyətsiz döyüş qabiliyyətinə malikdirlər. Onun sözlərinə görə, Ukraynadakı vəziyyət zaman keçdikcə daha da pisləşəcək və buna görə də gələcəkdə daha zəif vəziyyətdə qalmaq yerinə indi sülhə dair razılaşma əldə etmək daha məqsədəuyğundur.
ABŞ nümayəndə heyəti həmçinin bəyan edib ki, ABŞ müdafiə sənayesi Ukraynanın infrastrukturunu və əhalisini müdafiə etmək üçün lazım olan həcmlərdə silah və HHM sistemləri tədarükünü davam etdirə bilməyəcək.
“Ümumi mesaj belə idi: siz uduzursunuz və razılaşmanı qəbul etməlisiniz”, – mənbələrdən biri bildirib.
Driskollun Kiyevdəki görüşü Tramp administrasiyasının bəzi rəsmilərinin Ukraynanı təcili şəkildə ABŞ-ın dəstəklədiyi yeni sülh təklifini qəbul etməyə məcbur etmək cəhdlərinin bir hissəsi olub. Qeyd edilir ki, həmin təklif Rusiyanın maksimalist tələblərini ehtiva edir və Kiyev hökumətindən ciddi güzəştlər tələb edirdi.
Ukrayna planı təqdim olunduğu formada imzalamaqdan nəzakətlə imtina edib və təklif Driskoll ilə ukraynalı rəsmilər arasındakı danışıqlardan sonra xeyli dərəcədə yenidən işlənib.
Bu görüş ABŞ administrasiyasında Ukrayna müharibəsinin necə başa çatdırılması ilə bağlı çoxdan mövcud olan fikir ayrılığının daha bir nümunəsi sayılır. Bu parçalanmanın fonunda 2028-ci il prezident seçkilərinə hazırlaşan iki potensial namizəd – vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio arasında siyasi rəqabət də güclənir.
Məlumatlı bir sıra keçmiş və hazırkı rəsmilərin sözlərinə görə, bir qanad – Vens, xüsusi nümayəndə Stiv Vitkoff və digər bəzi rəsmilərin daxil olduğu qrup – Ukraynanı sülh yolunda əsas maneə hesab edir və Kiyevi ciddi kompromislərə məcbur etmək üçün ABŞ-ın təzyiq leverecindən istifadə olunmasını dəstəkləyir.
Digər qanad isə – Rubionun rəhbərlik etdiyi qrup – məsuliyyətin Rusiyada olduğunu bildirir və hesab edir ki, Moskva yalnız sanksiyalar və digər təzyiq vasitələri nəticəsində geri addım ata bilər.
“Uzun müddətdir ki, bu parçalanmanın mövcud olduğu görünürdü, lakin biz bunu son günlərdə olduğu qədər açıq şəkildə müşahidə etməmişdik”, – deyə Şərqi Avropa üzrə təcrübəyə malik keçmiş yüksək vəzifəli ABŞ diplomatı bildirib.
Musavat.com






