ABŞ prezidenti Donald Tramp başqa bir ölkədə də quru əməliyyatına ehtiyac olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Tramp “Fox News”-a verdiyi müsahibədə bu əməliyyatın Meksikada fəaliyyət göstərən narkotik kartelləri hədəf alacağını söyləyib.
"Dəniz yolu ilə gələn narkotik ticarətinin 97 faizini dayandırdıq və indi qurudakı kartellərə zərbə vurmağa başlayacağıq. Meksikanı narkotik kartelləri idarə edir", - deyə prezident bildirib.
Tramp əlavə edib ki, qonşu ölkədə baş verənləri görməkdən "çox kədərlənib". O, həmçinin ABŞ-də hər il Meksika narkotik kartelləri nəticəsində 250.000-300.000 insanın öldüyünü göstərən statistikanı paylaşıb.
Daha əvvəl Tramp Meksikanı onun prezidenti Klaudiya Şeynbaumun yox, cinayətkar təşkilatların idarə etdiyini bildirmişdi. Amerika lideri ABŞ-ın bu barədə "bir şey etməli" olduğunu deyib.
Qeyd edək ki, Trampın Meksikadakı narkokartellərin gücü barədə dedikləri şişirtmə deyil. Doğrudan da bu ölkədə artıq iki paralel dövlət var: biri Şeynbaum və komandası tərəfindən idarə olunan dövlət, o biri narkokartellərin təsis etdiyi quldurlar yığıncağı. Ən pisi odur ki, birincinin ikinciyə gücü çatmır.
İqbal RZAYEV,
Musavat.com






