Azərbaycan son illərdə xarici siyasətini Karib hövzəsi və Latın Amerikası ölkələri, xüsusilə Meksika istiqamətində fəallaşdırır. Diplomatik əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlıq və beynəlxalq platformalarda siyasi dəstəyin artırılması bu siyasətin əsas prioritetləri hesab olunur. Azərbaycan və Meksika arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələri və mədəni layihələr aktiv şəkildə inkişaf etdirilir. Məlum olduğu kimi, Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun geniştərkibli təsis iclası keçirilib.
İclasda Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının ölkələrimiz arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasına və gələcək üçün müsbət gündəmin formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.
Meksika və Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlərin dostluq, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd olunub. Tədbirin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə – 10 fevrala təsadüf etdiyi xüsusi vurğulanıb.
Meksikanın Qarabağ məsələsində ölkəmizin mövqeyini açıq və prinsipial şəkildə dəstəkləməsi yüksək qiymətləndirilib. İclas çərivəsində Meksika-Azərbaycan Dostluq Qrupunun təsisi ilə bağlı müvafiq memorandum imzalanıb.
Qeyd edək ki, Azərbaycanın dostluq qurduğu bu ölkə ilə ABŞ arasında hazırda “müharibə şəraiti” hökm sürür. Donald Tramp Meksikanın prezidentini açıq təhdid edir, narkotik kartellərinə zərbə endirməklə hədələyir. Tramp bundan əvvəlki prezidentliyi dönəmində də Meksikanı dəfələrlə təhdid edib, lakin Venesuelaya hücumdan sonra onun sözləri sərhədin hər iki tərəfində ciddi qəbul edilməyə başlayıb.
Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a deyib ki, Azərbaycanın son illərdə xarici siyasətində müşahidə olunan əsas xəttlərdən biri coğrafi şaxələndirmədir. Türk dünyası, Orta Asiya, Yaxın Şərq və Afrika ilə yanaşı, indi də Karib hövzəsi və Latın Amerikası istiqamətində fəallığın artması Bakının qlobal diplomatik xəritədə daha geniş yer tutmaq istədiyini göstərir. Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun geniştərkibli təsis iclasının keçirilməsi də bu strategiyanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər:
“ABŞ və Meksika iqtisadi baxımdan dərin inteqrasiya olunmuş tərəfdaşlardır və aralarındakı gərginlik daha çox daxili siyasi gündəmlə əlaqələndirilir. Azərbaycanın Meksika ilə parlament diplomatiyasını və iqtisadi əlaqələrini inkişaf etdirməsi Vaşinqton üçün təhlükə yaradan addım deyil. Azərbaycanın bu siyasi xətti yürütməsindən ABŞ-nin narahat olacağını düşünmürəm. ABŞ özü Latın Amerikası ölkələri ilə çoxşaxəli əlaqələr saxlayır və üçüncü ölkələrin bu regionla münasibətlərinə prinsipial etiraz etmir”.
A.Hüseynov qeyd edib ki, Azərbaycanın Meksika ilə yaxınlaşması maraqlarımıza uyğundur:
“Meksika G20 üzvüdür, Latın Amerikasında siyasi çəkisi olan dövlətdir və BMT Baş Assambleyasında mühüm səs potensialına malikdir. Azərbaycanın beynəlxalq təşəbbüslərinə Latın Amerikası ölkələrinin dəstəyini qazanmaq strateji əhəmiyyət daşıyır. Meksika böyük enerji bazarına malikdir – həm neft istehsalçısı, həm də alternativ enerji sahəsində potensialı olan ölkədir. Azərbaycan isə enerji diplomatiyası təcrübəsi olan dövlətdir. SOCAR-ın beynəlxalq layihələrdə iştirakı, neft-kimya sahəsində təcrübə mübadiləsi, həmçinin kənd təsərrüfatı, logistika və əczaçılıq kimi istiqamətlərdə əməkdaşlıq üçün real imkanlar var. Latın Amerikası bazarı Azərbaycan məhsulları üçün yeni çıxış nöqtəsi ola bilər. Eyni zamanda, Meksika ilə əlaqələr ABŞ bazarına dolayısı ilə çıxış üçün də əlavə platforma yarada bilər”.
Deputat onu da deyib ki, Azərbaycan ənənəvi olaraq çoxvektorlu xarici siyasət yürüdür. Rusiya, Türkiyə, Avropa İttifaqı, Çin və ABŞ-la paralel münasibətlər fonunda Latın Amerikası istiqamətinin aktivləşməsi Bakının diplomatik manevr imkanlarını genişləndirir. Bir sözlə, Azərbaycanın Meksika ilə əlaqələri dərinləşdirməsi strateji baxımdan qazanclı addımdır.
Etibar Seyidağa,
Musavat.com






