Xəbər verildiyi kimi, Trampın nümayəndəsi Uitkoff və onun kürəkəni Kuşner Putinin görüşündən sonra Zelenski ilə danışmaqdan imtina ediblər. ABŞ və Britaniya mediasının yazdığına görə, Putin güzəştə getmir və Qərbdə parçalanma gözləyir, lazım gələrsə, Avropaya qarşı müharibə ilə hədələyir. Amma Avropanın öz cavabı var.
Musavat.com Qərbin aparıcı media qurumlarının bununla bağlı təhlillərini təqdim edir.
The Telegraph
Britaniya qəzeti başlığa Putinin sözlərini çıxarıb: “Rusiya Avropa ilə müharibəyə hazırdır”.
Qəzet yazır ki, Moskva bununla Vaşinqton və Avropa paytaxtları arasında parçalanmanı dərinləşdirməyə çalışır.
Mənbəyə görə, Avropa ölkələri ABŞ–Rusiya danışıqlarının ilkin variantından ən qalmaqallı müddəaları çıxartmağa nail olublar və əsas məsələləri - ərazilər, təhlükəsizlik, NATO — Zelenski ilə Trampın şəxsi danışıqlarınadək boş saxlayıblar.
Lakin hətta yumşaldılmış variantı da Putin “qəbuledilməz” adlandırır və Avropanı “sülh prosesini pozmaqda” ittiham edir.
Politico
Nəşr Putinin danışıqlardakı taktikasını belə təsvir edir:
– Uitkoff və Kuşneri qəsdən gözlədir;
– hədələri komplimentlərlə birləşdirir;
– heç bir əsas mövqedən geri çəkilmir.
Mənbələr Politico-ya deyir ki, Trampın komandası artıq “Kremlın idarə etdiyi meydanda oynayır”. Rusiya şərtlərinin ciddi şəkildə yenilənməsinə dair heç bir əlamət yoxdur: Putin sülhə hazırdır, amma yalnız öz şərtləri ilə.
The Wall Street Journal
WSJ yazır ki, Kremlə beş saatlıq səfər heç bir irəliləyiş gətirməyib: plan müzakirə edilməyə davam edəcək, lakin əsas maneə - ərazi məsələsi - yerində qalır.
Moskva hələ də bütün Donbasın ona verilməsini tələb edir, Kiyev isə ərazi güzəştlərindən imtina etdiyi üçün saziş bloklanır.
WSJ xatırladır ki, ilkin 28 maddəlik plan demək olar tamamilə Rusiyanın maraqları üzərində qurulmuşdu və Avropada qəzəb doğurmuşdu. Putinin “Avropa ilə müharibəyə hazır olun” hədəsi isə jurnalın yazdığına görə, Qərbi parçalamaq və təzyiqi artırmaq cəhdidir.
CNN
CNN yazır ki, ABŞ danışıqlara formal optimizmlə başlayıb, lakin NATO rəsmiləri Moskvadan “real güzəşt siqnalı” görmədiklərini bildiriblər.
Görüşlər Kremlın strategiyasını təsdiq edib:
– vaxtı uzatmaq,
– Ukraynanı tükəndirmək,
– Qərbə öz versiyasını sırımaq.
Reuters
Reuters yazır ki, Brüsselin cavabı artıq hazırdır. Aİ Komissiyası yaxın günlərdə hüquqi təklif təqdim edir: dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynaya “reparasiya krediti” kimi yönəltmək.
Lazım gələrsə, buna Aİ borc emissiyası da əlavə ediləcək. Beləliklə, Avropa öz rıçaqını yaradacaq və Trampın komandası ilə bağlı qeyri-sabitlikdən asılı olmayacaq.
Politico (ikinci xəbər)
Sayt yazır ki, ABŞ–Rusiya “gizli planından” xəbərsiz qalan NATO ölkələri artıq danışıqlarda öz yerlərini tələb edir. Brüsseldəki nazirlər Ukraynanın NATO-ya qəbuluna, qoşunların yerləşdirilməsinə və beynəlxalq hüquqa dair öz “qırmızı xətlərini” hazırlayırlar.
Musavat.com






