İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk NATO-su" beynəlxalq arenada söz sahibinə çevrilir

547 13.02.2026 22:49 Dünya A A

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə türk dünyasının siyasi, iqtisadi və mədəni gücünü beynəlxalq səviyyədə nümayiş etdirən real qüvvəyə çevrilmək yolundadır. Bu təşkilat çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər üzv dövlətlər ortaq tarixi, mədəni və iqtisadi dəyərləri paylaşmaqla, həm regional stabilliyi təmin edir, həm də dünya arenasında türk dünyasının söz sahibinə çevrilməsini sürətləndirir.

İqtisadi inteqrasiyadan enerji və nəqliyyat layihələrinə, təhsil və elm əməkdaşlığından mədəniyyət və idmana qədər geniş spektrdə uğurlar TDT-ni yalnız rəmzi bir qurum deyil, həm də strateji tərəfdaşlıq platforması kimi tanıdır. Bu birgə fəaliyyət, türk dünyasının həm geosiyasi, həm də iqtisadi baxımdan mövqelərini möhkəmləndirir və beynəlxalq müstəvidə daha təsirli iştirak etməyə imkan yaradır.
Bəs TDT gələcəkdə daha böyük layihələr həyata keçirə biləcəkmi? Türk dövlətləri arasında əlaqələr nə dərəcədə dayanıqlıdır? Bu təşkilat beynəlxalq arenada türk dünyasının həqiqi gücünü ortaya qoymağa hazırdırmı?

Bu barədə Musavat.com-a açıqlama verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Türk Dövlətləri Təşkilatının son illər ərzində çox sürətli və effektiv inkişaf mərhələsi yaşadığını vurğulayıb: "Bu inkişaf özünü ilk növbədə inteqrasiya proseslərinin sürətlənməsində göstərir. Həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər türk dövlətləri arasında getdikcə daha da genişlənir. Bu prosesdə Azərbaycanın, xüsusilə də onun lideri İlham Əliyevin rolu olduqca böyükdür. Türkiyənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında da bu prosesə ciddi və ardıcıl dəstək verməsi diqqət çəkir. Biz bu proseslərin dinamik şəkildə davam etdiyini müşahidə edirik.

Artıq Türk Dövlətləri Təşkilatı regional qurumdan qlobal təşkilata çevrilmək istiqamətində mühüm addımlar atır. Mərkəzi Asiya türk dövlətlərinin bu proseslərdə fəal iştirakı təşkilatın effektivliyini daha da artırıb. Bu baxımdan xüsusilə Özbəkistan və Qazaxıstanı qeyd etmək lazımdır. Özbəkistanın bu məsələlərə isti yanaşması və yüksək fəallıq göstərməsi proseslərə müsbət təsir edən əsas amillərdəndir".

Siyasi şərhçi hesab edir ki, Türk Dövlətləri Təşkilatının bu inkişafı təqdirəlayiqdir və onun daha da genişlənməsi məqsədəuyğundur: "Bu genişlənmə həm region, həm də dünya üçün müsbət nəticələr vəd edir. Hazırda dünya kifayət qədər gərgin və narahat bir dövrdən keçir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının güclənməsi regionda və qlobal miqyasda sülh və təhlükəsizliyin təmin olunmasına xüsusi töhfə verə bilər.

Sülhün və təhlükəsizliyin qorunması üçün təşkilat və onun üzvü olan dövlətlər öz töhfələrini vermək imkanına malikdirlər. Bu isə hazırkı mürəkkəb beynəlxalq şəraitdə son dərəcə önəmli hesab olunur. Bu mənada, Türk Dövlətləri Təşkilatı güclənir və güclənməlidir. Gələcəkdə onun daha genişmiqyaslı, əsaslı nəticələrini və nəhəng faydalı fəaliyyətini görəcəyimizə inanıram".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR