Türkiyənin Ordu vilayətinin Ünye rayonunda dəniz sahilinə naməlum pilotsuz uçuş aparatı (PUA) çıxıb. Türkiyə Milli Müdafiə Nazirliyinin apardığı araşdırmalar nəticəsində aparatın Rusiya Silahlı Qüvvələrinə məxsus olduğu təsdiqlənib.
Musavat.com xəbər verir ki, PUA fevralın 10-da yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə yerinə dərhal cəlb olunan Türkiyənin Sualtı Müdafiə qrupları aparat üzərində texniki baxış keçiriblər. Nazirliyin rəsmi açıqlamasında deyilir:
"Ordu vilayətinin Ünye rayonunda sahilə vuran PUA-nın daxilində partlayıcı maddə aşkar edilməyib. İlkin qiymətləndirmələrə görə, aparatın Rusiyaya məxsus olduğu müəyyən edilib və o, daha dərindən araşdırılması üçün Ünye Polis İdarəsinə təhvil verilib."
İlkin məlumatlara görə, söhbət Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda geniş istifadə etdiyi, İranın "Shahed-136" modelinin bazasında hazırlanan "Geran-2" kamikadze dronundan gedir. Mütəxəssislər hesab edirlər ki, PUA hədəfindən yayınaraq dənizə düşüb və dalğalar vasitəsilə Türkiyə sahillərinə qədər gəlib çıxıb.
Qeyd edək ki, son iki ay ərzində Türkiyənin Qara dəniz sahillərində bu cür tapılan dronların sayı artıq 5-ə çatıb. Türkiyə tərəfi hər iki müharibə edən tərəfə Qara dənizdə naviqasiya və sahil təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıqlar edib.
Musavat.com






