İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə “Ərdoğanla davam” dedilər - bəs Baxçalı...

983 05.02.2026 11:00 Siyasət A A

ASAL Araşdırmalar Şirkəti 2026-cı ilin yanvar ayı üçün Türkiyənin siyasi liderlərinin reytinqini açıqlayıb.

Musavat.com yazır ki, mətbuatın yaydığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan sorğuda rəqiblərini böyük üstünlüklə qabaqlayıb. Sorğu iştirakçılarına “Türkiyəni kim idarə etməlidir” sualı verilib. 2025-ci ilin noyabr – 2026-cı ilin yanvar dövründə rəqiblərinin hamısı xalq arasında dəstəyini itirərkən, Rəcəb Tayyib Ərdoğanın yeri dəyişməyib. Prezident 23,2 faiz səslə birinci pillədəki yerini qoruyub.Əvvəlki sorğularla müqayisədə səs itirən Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş 14 faizlə ikinci, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu isə 11,3 faizlə üçüncüdür.

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl (5,9 faiz) dördüncü, keçmiş Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş (6 faiz) beşinci, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı (3,7 faiz) altıncı, İyi Partiyasının sədri Müsavat Dərvişoğlu (3,3 faiz) yeddinci, Zəfər Partiyasının sədri Ümit Özdağ (2,4 faiz) səkkizinci, Anahtar Partiyasının sədri Yavuz Ağıralioğlu (2 faiz) doqquzuncu və Yenidən Rəfah Partiyasının sədri Fatih Ərbakan (1,8 faiz) onuncudur.

Prezident Ərdoğan və Baxçalı Qaziantepdə | No Comment

Maraqlıdır, rəy sorğusunda Ərdoğan 23 faiz, onun hakimiyyət ortağı Baxçalı 8 dəfə az-3 faiz reytinq qazanıb. Səbəb nədir?

Türkiyədə fəaliyyət göstərən siyasi şərhçi Ramiyə Məmmədova Musavat.com-a bildirib ki,  reytinqi Ərdoğandan yüksək olan siyasətçi hələ də yoxdur. Onun fikrincə, Türkiyə prezidentinin də səs faizlərində böyük artım yoxdur, amma yenə də opponentlərindən irəlidədir: "Bunun bir səbəbi odur ki, alternativlərin zəif olmasıdır. İmamoğlunun həbsindən sonra reytinqi yüksəlmədi. Fərqli gözləntilər var idi, fəqət yanıldılar. Digər bir səbəb isə Ərdoğanın dünyada nüfuzlu siyasətçilərdən biri olmasıdır. Türkiyə qlobal və regional proseslərdə vacib aktordur, Ərdoğan dünya siyasətində xüsusi yeri, çəkisi olan liderdir. Baxmayaraq ki, ölkənin iqtisadi həyatında ciddi problemlər yaşanır, bütün göstəricilərə əsasən Ərdoğan hələ də üstünlüyünü qoruyur".

Siyasi təhlilçi Bağçalının reytinqinin çox aşağı olmasını isə onun iqtidarla şərikliyi ilə əlaqələndirir: "MHP lideri müxalifətdə olanda reytinqi çox yüksək idi. Onun Ərdoğanın siyasətini kəskin tənqid edən çıxışları olub. Ona görə MHP seçkilərdə böyük səs toplayırdı. Yəni AKP, CHP və MHP seçkilərdə ilk üç yeri tuturdu. Bağçalının Ərdoğanla koalisiyaya getməsi təbii ki, onun reputasiyasına təsir etdi. Xalq bunu iqtidarla anlaşan müxalifət qüvvələri kimi qəbul etdi. Eyni zamanda, Bağçalının yaşını da nəzərə almaq lazımdır. Məncə, MHP yeni liderlə yola davam etməlidir. Necə ki CHP son illərdə neçə liderlə çıxış edib: Dəniz Baykaldan sonra Kılıçdaroğlu, həmçinin İmamoğlu, Yavaş, Özəl kimi siyasətçilər meydana çıxdı. MHP-də bu baş vermədi. Təsəvvür edin, Türkeşdən sonra Bağçalı başqan seçildi və 1997-ci ildən bəri MHP lideri olaraq qalmaqdadır. Bu da sorğudakı faizə təsir edən faktordur. Ancaq istənilən sorğunun nəticələri subyektivdir, bunu da unutmamalıyıq".

Emil Salamoğlu
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR