Rusiya Ukraynanın hərbi rabitəsində əsas rol oynayan Starlink sistemindən Ukrayna və NATO-ya qarşı istifadə edir.
Musavat.com xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” adlı Telegram kanalı məlumat yayıb.
İddiaya görə, Rusiya BM-35 tipli pilotsuz uçuş aparatlarını Starlink ötürücüləri ilə təchiz edərək onları kəşfiyyat və zərbə məqsədilə istifadə edir. Dronlar vasitəsilə hədəf koordinatları ötürülür, zərbələr isə yüksək dəqiqliklə istiqamətləndirilir.
Mənbə yazır ki, son 10 gün ərzində bu texnologiya əsasında həyata keçirilən əməliyyatlar nəticəsində Ukraynaya məxsus təyyarələr, helikopterlər, radiolokasiya stansiyaları və bir zenit-raket kompleksi məhv edilib.
Kanalın müəllifləri bildirirlər ki, Starlink-in mümkün söndürülməsi və ya radioelektron vasitələrlə basdırılması Ukraynanın hərbi və mülki rabitə sistemlərini iflic vəziyyətinə sala bilər. Onların fikrincə, bu təcrübə təkcə Ukrayna üçün deyil, gələcək mümkün münaqişələr fonunda İran da daxil olmaqla digər ölkələr üçün ciddi dərslər ehtiva edir.
Musavat.com






