İnsanlara hürriyət, millətlərə istiqlal!

Unudulan vauçerlərin taleyi: vətəndaşın haqqı kimə qaldı?

1386 07.11.2025 14:37 İqtisadiyyat A A

İqtisadçı-alimdən təklif: "Vauçerlərin rəqəmsal tokenlərə çevrilməsi mümkündür"

Azərbaycanda 1996-cı ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq imkanı verən qiymətli kağızlar -  özəlləşdirmə payları (çekləri) paylanmışdı. Lakin bu çeklər 2011-ci ildən etibarən tədavüldən çıxarılıb. O vaxtdan bəri əllərində dəyərsizləşmiş vauçerlər qalan yüz minlərlə vətəndaş məsələ ilə bağlı narazılığını ifadə edir, tədavül müddətinin bitməsini qanunsuz sayır və hüquqlarının bərpasını tələb edir. İllərdir ekspertlər, hüquqşünaslar, deputatlar və ziyalılar bu məsələnin yenidən gündəmə gətirilməsini istəsələr də, problem hələ də həllini tapmayıb. Təxminən 1 milyona yaxın insan özəlləşdirmə çeklərini dəyərləndirə bilməyib.

Deputatlar da məsələni qaldıraraq bildirirlər ki, vətəndaşların haqqı tanınmalı, onların özəlləşdirmə paylarından yararlanması üçün hüquqi mexanizm hazırlanmalıdır.

WhatsApp Image 2025-11-07 at 14.23.03.jpeg (37 KB)

İqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Özəlləşdirmə çekləri, onların hüquqi, iqtisadi statusu bağlı məsələ bir az qarışıq olduğu üçün, mövzunun həm hüquqi, həm də iqtisadi tərəflərini nəzərdən keçirmək vacibdir. Özəlləşdirmə çekləri 1996-2011-ci illər arasında dövlət əmlakının özəlləşdirilməsində istifadə üçün buraxılmışdı. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun və 2001-2011-ci illərdə qəbul edilən Nazirlər Kabinetinin qərarları ilə çeklərin 2011-ci ilin yanvar ayından etibarən rəsmi olaraq tədavüldən çıxarıldığı bildirilir. Lakin tədavüldən çıxrılarkən dövlət özlləşdirmə çeklərinin dəyəri çek sahiblərinə ödənilmədi. Bu durum təbii ki, Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi ilə təmin edilmiş vətəndaşların özəlləşdirmə payı ilə bağlı mülkiyyət hüququna ziddir. Bir çox vətəndaşlarımız haqlı olaraq hesab edirlər ki, vauçerlərin müddətinin başa çatması onların mülkiyyət hüququnu pozub. Həmin dövrdə elə bir vəziyyət idi ki, bir çox vətəndaş özəlləşdirmənin mahiyyətini və çeklərin necə işlədiyini tam olaraq anlamırdı. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində ölkədə iqtisadi sistem hələ yeni formalaşırdı. Maarifləndirmə kampaniyaları çox məhdud idi, televiziya və mətbuatda sadəcə ümumi elanlar verilirdi, ancaq konkret izahlar, təlimatlar yox idi".

İqtisadçı onu da əlavə edib ki, regionlarda yaşayan vətəndaşların informasiyaya çıxışı xüsusilə çətin idi:"Bu səbəbdən, bir çoxları vauçerləri sadəcə əllərində saxladı və tədavül müddəti bitənədək istifadə edə bilmədi. Bir sıra vətəndaşlar da vauçerlərini səhmlərə çevirmək əvəzinə, ağır iqtisadi böhran səbəbindən gündəlik ehtiyaclarını ödəmək üçün dəllallara və ya özəlləşdirmə fondlarına çox aşağı qiymətə satmaq məcburiyyətində qaldılar. Əksinə, bəzi qruplar isə, məsələn, dövlət qurumlarında işləyənlər, iqtisadi elitalar, özəlləşdirmə fondlarının rəhbərləri və s. informasiya üstünlüyü və maliyyə imkanları sayəsində özəlləşdirmədən necə lazımdır faydalana bildilər. Düşünürəm ki, hər şeydən əvvəl sosial ədalət prinsipi pozulduğu üçün bu məsələyə yenidən baxılması mütləqdir. Vətəndaşlarda qalan dövlət özəlləşdirmə çeklərinin dəyəri hesablanaraq həmin dəyər onlara ödənlmək yolu ilə bu çeklər tədavüldən çıxarılmalı idi. Çeklərin qiymətləndirilməsinə gəlincə, bilirsiz ki, hər bir vətəndaşa 4 çek verilmişdi, hansı ki, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsini təşkil edirdi. Dövlət kompensasiya mexanizmini elə qurmalıdır ki, həm hüquqa, həm də sosial ədalət prinsipinə müvafiq olsun. Məsələn, SOCAR, Azərenerji və ya başqa dövlət müəssisələrinin gəlirlərindən ayrılan sosial pay hər il dividend şəklində vətəndaşlara paylanıla bilər. Və ya, alternativ versiya olaraq, əldə qalan vauçerlərin blokçeyn əsaslı rəqəmsal tokenlərə çevrilə biləcəyini də düşünürəm".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR