Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodriqesə 4 tələb irəli sürüb. Bu tələblərdən Venesuelanın sabiq prezidenti Nikolas Maduro imtina etmişdi.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Vaşinqton Rodriqesdən narkotik qaçaqmalçılığına qarşı tədbirlər görməsini, ABŞ-a düşmən mövqedə olan agentləri - o cümlədən İran və Kubadan olanları - ölkədən çıxarmasını tələb edir. Bundan əlavə, ABŞ Venesuelanın Amerikanın rəqiblərinə neft tədarükünü dayandırmasını və ölkədə azad seçkilərin keçirilməsinə şərait yaratmasını istəyir.
Tramp administrasiyasının son gözləntisi Rodriqesin istefa verməsidir.
Məqalədə qeyd olunur ki, bu tələblərin icrası üçün konkret vaxt çərçivəsi müəyyən edilməyib. Bununla belə, Tramp daha əvvəl Venesuelada “nizam-intizam bərpa olunmadan” yeni prezident seçkilərinin keçirilməsinin mümkün olmadığını bildirmişdi.
Qeyd olunur ki, Rodriqes uzun illər Maduronun tərəfdarı olub və sosialist baxışları ilə tanınır. Buna baxmayaraq, mənbələrin iddiasına görə, Vaşinqtonda onun ABŞ-ın irəli sürdüyü şərtləri yerinə yetirəcəyinə əminlik var.
Musavat.com






