Dünya siyasətində yeni mərhələnin başladığı barədə ABŞ-dən növbəti siqnal verilib.
Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı ərəfəsində çıxışında “köhnə dünyanın artıq mövcud olmadığını” bildirib.
Rubionun sözlərinə görə, bəşəriyyət yeni geosiyasi dövrə daxil olur və bu mərhələ dövlətlərin beynəlxalq münasibətlərdəki rolunu yenidən düşünməyi tələb edəcək:
“Biz yeni geosiyasi era yaşayırıq və bu, hamımızdan öz rolumuzu yenidən nəzərdən keçirməyi tələb edəcək”.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton müttəfiqlərlə fəal dialoq aparır və Münhen konfransı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş ehtimalı da var. Rubio bildirib ki, bu görüş onun qrafikində nəzərdə tutulub, lakin hələlik tam təsdiqlənməyib.
O, həmçinin ABŞ-nin Macarıstan və Slovakiyanı Rusiya yanacağından imtina etməyə razı salmaq niyyətində olduğunu açıqlayıb. Rubionun sözlərinə görə, Vaşinqton Ukraynada müharibənin dayandırılması üçün səylərini davam etdirir:
“İnsanlar əziyyət çəkir, ilin ən soyuq dövrüdür. Müharibənin problemi budur. Buna görə biz bu münaqişəni bitirmək üçün uzun müddətdir çalışırıq”.
Qeyd edək ki, 13–15 fevral tarixlərində Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransı ərəfəsində ekspertlər beynəlxalq münasibətlərin cari vəziyyətinə dair xüsusi hesabat da təqdim ediblər.
Musavat.com






