Vatikan ABŞ prezidenti Donald Trampın "Sülh Şurası"nda iştirakdan imtina edib. Bu barədə Müqəddəs Taxt-Tacın dövlət katibi Kardinal Pietro Parolin bildirib. O, Müqəddəs Taxt-Tacın formatı nəzərə alınmaqla yeni quruma qoşulmayacağını bildirib. Parolin qeyd edib ki, Vatikan beynəlxalq böhranların həllinin ilk növbədə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində həll edilməli olduğuna inanır. Papa Leo əvvəllər təşəbbüsə qoşulmaq üçün dəvət alıb.
Papadan rəsmi cavab verilməyib. İtaliya və Avropa Birliyi nümayəndələrinin iclasda müşahidəçi kimi iştirak etməyi planlaşdırdıqlarını açıqlayıblar. Lakin bir neçə ölkə hələlik iştirak formatları barədə qərar verməyib.
Müqəddəs Taxt BMT-də daimi müşahidəçidir və ənənəvi olaraq mövcud çoxtərəfli mexanizmlər vasitəsilə beynəlxalq diplomatiyada iştirak edir.
Bu arada qeyd edək ki, ABŞ tərəfdən bu qərara münasibət gecikməyib. Vaşinqton administrasiyası Vatikanın Qəzza Sülh Şurasının işində iştirak etməkdən imtinasından təəssüflənir.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt müntəzəm mətbuat brifinqində deyib: "Biz bunu gördük. Düşünürəm ki, bu, çox təəssüf doğurur. Əlbəttə ki, administrasiya Sülh Şurasına dəvət olunmuş hər kəsin iştirak etməsini istəyir. Bu, onlarla ölkəni əhatə edən qanuni bir təşkilatdır. Və biz inanırıq ki, bu qərar təəssüf doğurur".
Levitt həmçinin bildirib ki, sülhün bərqərar olması və qorunması ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Sülh Şurası haqqında danışarkən o, qeyd edib ki, "bəzi çaşdırıcı məqamlar, aydınlaşdırma tələb edən bəzi vacib məsələlər var". Yanvar ayında Parolin Papa Leo XIV-ün ABŞ-nin Yaxın Şərq sülh prosesinin bir hissəsi olaraq Qəzzanı idarə etmək üçün çağırdığı Sülh Şurasına dəvət olunduğunu açıqlayıb və "məsələnin nəzərdən keçirildiyini" bildirib.

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Vatikanın Trampın müəllifi olduğu Sülh Şurasına qoşulmaması Qərbdə yeni dünya düzəni ilə bağlı ciddi fikir ayrılıqları olduğunu deməyə əsas verir:
“Fikrimcə, bu hələ başlanğıcdır. Yeni dünya düzənində Britaniya və ona əks olan qütblər iki yerə parçalanmaqdadır. Bu parçalanmadan karlı çıxan əsas ölkələr isə Çin və Rusiya ola bilər. Hələ ki, proseslər yeni başlayır. Vatikan və Roma Papası köhnə dünya nizamının, əski xaotikliyin qalmasında maraqlıdırlar. Kilsə köhnə sistemlə hər il milyardlarla dollar vəsait qazanırdı. Hər münaqişə və müharibə bölgəsi BMT-nin daimi üzvləri, ən əsası, kilsə üçün milyardlarla dollarlıq gəlir demək idi. Britaniya və ABŞ isə qeyri-leqal gəlirlərdən qismən məhrum idi. İndi Tramp həmin vəsaiti Roma Papasından - kilsədən almaq niyyətindədir. Vatikan isə nələrin baş verdiyinin fərqindədir. Ona görə də "Trampın Sülh Şurası"na "yox" deyiblər. Eyni zamanda, Vatikandakı teokratiya İtaliya başda olmaqla bütün Qərbi Avropanı öz tərəfinə çəkməyə başlayacaq. Bir sözlə, yeni soyuq savaş Vatikanla Sülh Şurası arasında ola bilər. Bu ehtimal qaçılmazdır. Hətta Papa Trampı qabaqlayaraq mənəvi əzələ nümayişi ilə Trampın, ABŞ-ın Qərbi Avropadakı nüfuzuna zərbə endirməkdən də çəkinməyəcək. Ağ Evdən isə bildirilir ki, dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesinini dəstəkləyən beynəlxalq təşkilatdır. Yəni, dünyada dayanıqlı sülhün təminatında rol oynamaq istəyənlər bizim yanımızda olmalıdırlar. Bizim yanımızda olmayanların məqsədi başqadır - mesajını veriblər. Buradan belə qənaətə gəlmək olar ki, Qəzza və digər məsələlərlə bağlı Vatikanın mövqeyi birmənalı deyil, hətta "səlib xarakterli"dir. Deməli, yeni dünya nizamı çox ağrılı və məşəqqətli yolla yürüyəcək. Maraqlı məqamlardan biri də odur ki, Sülh Şurasının üzvləri hələ ki, yalnız Donald Tramp tərəfindən müəyyən edilir. Deməli, Sülh Şurası dünyanın təkcə siyasi deyil, həm də hərbi-siyasi təşkilatı olacaq. Hətta onu Yeni NATO da adlandırmaq olar. Bir sözlə, Sülh Şurasının yeni dünya nizamında Rusiya və Çinə, eyni zamanda teaktrotik quruluşlara qarşı olacağını görəcəyik”.
Siyasi təhlilçi BMT məsələsinə də toxundu: “Dünyanın aparıcı beyin mərkəzləri hesab edirlər ki, BMT-nin çox ciddi qüsurları var. Ancaq BMT-ni əvəz edən, qurum hələlik yoxdur. BMT ən universal təşkilatdır və düşünürəm ki, hər halda yaxın zaman üçün bütün tənqidlərə baxmayaraq BMT öz yerində qalacaq. Təbii islahatlar vacibdir. Ancaq indi dünya elə bir vəziyyətdədir ki, heç əməlli-başlı islahat da keçirmək iqtidarında deyil. Görünən bundan ibarətdir ki, BMT öz əvvəlki imkanlarında deyil, nüfuzunu itirməkdədir və biz, xüsusilə də bunu öz üzərimizdə hiss elədik. BMT-nin dörd qətnaməsinin icra edilməməsi və Azərbaycanın öz gücünə həmin qətnamələrdə nəzərdə tutulan məsələləri reallaşdırması deməyə əsas verdi ki, BMT sözün həqiqi mənasında nüfuzunu itirməkdədir. Və məlumdur ki, 16 yanvar tarixində Donald Tramp "Sülh Şurası" adı altında bir təşkilatın formalaşması ilə bağlı açıqlama verdi”.
Cavanşir ABBASLI
Musavat.com






