İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vesta” MTK sədrinin həbs xəbəri aranı qatdı – “Evimizi satıb bizi küçədə qoydular!”

1860 09.05.2026 00:23 Ölkə A A

Bakının Nizami rayonunda illərdir davam edən və yüzlərlə ailənin həyatını alt-üst edən “Vesta Construction” MTK qalmaqalı yeni mərhələyə keçib. “Vesta” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar artıq uzun illərdir yığılıb qalan narazılığın kulminasiya nöqtəsinə çevrilib. Zərərçəkmişlərin sözlərinə görə, eyni mənzilin bir neçə nəfərə satılması, tikintinin yarımçıq saxlanılması və insanların illərlə kirayələrdə sürünməsi bu işin sadəcə tikinti problemi deyil, böyük sosial faciə olduğunu göstərir.

Musavat.com-a müraciət edən sakinlər bildirirlər ki, problem təkcə bir neçə nəfərin aldadılması ilə məhdudlaşmır. Söhbət yüzlərlə ailənin taleyindən gedir.

Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 38 ünvanında yerləşən köhnə ikimərtəbəli yaşayış binası 2016-cı ildə pilot layihə çərçivəsində sökülüb. Nizami Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, həmin ərazidə “Vesta Construction” MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

Sakinlərə isə qısa müddətdə yeni mənzillərin veriləcəyi vəd olunub. Lakin illər keçsə də, həmin vədlər kağız üzərində qalıb.

Zərərçəkmişlər deyirlər ki, şirkət rəhbərliyi tərəfindən dəfələrlə “3 ay sonra təhvil veriləcək” vədi verilsə də, tikinti faktiki olaraq dayanıb. Bəzi bloklarda liftlər belə quraşdırılmayıb, təmir işləri isə yarımçıq vəziyyətdə qalıb.

Şikayətçilərdən biri bildirir: “Mən 111 min manat ödəmişəm, ikiotaqlı ev almışam. Amma həmin ev başqa adamlara da satılıb. Tək mən yox, burada toplaşanların çoxunun evi 3-4 nəfərə satılıb”.

Başqa bir sakin isə qeyd edir ki, 2019-cu ildə ilk alıcılardan biri olub: “İki mənzil almışam və artıq 7 ildir gözləyirəm ki, mənzillərim təhvil verilsin. Ödənişi tam etmişəm. Tələbimiz odur ki, mənzillər bizə verilsin”.

Sakinlərin sözlərinə görə, bina təxminən 10 ilə yaxındır yarımçıq vəziyyətdədir. Hazırda tikinti işləri tam dayanıb, insanlara kirayə haqları da ödənilmir. Ən ağır ittihamlardan biri isə eyni mənzilin bir neçə nəfərə satılması ilə bağlıdır.

Şikayətçilər iddia edirlər ki, ümumilikdə 117 mənzil təxminən 200 nəfərə satılıb. Bəzi mənzillərin isə 5-6 nəfərə qədər alıcısı var.

Zərərçəkmiş Niyaz Məmmədov deyir: “2020-ci ildə mənzil almışam. 6 ildir kirayələrdə yaşayırıq. Bu müddətdə 30 min manata yaxın əlavə xərcimiz çıxıb. Üstəlik, bizdən təmir üçün də 11 min manat alıblar. Amma ortada nə ev var, nə də məsuliyyət daşıyan şəxs”.

Digər şikayətçi Rəşad Əkbərov isə problemin artıq sistem xarakteri aldığını bildirir: “10 ildən çoxdur bu proses davam edir. İnsanları evlərindən çıxarıblar, amma verdikləri sözləri yerinə yetirmirlər. Eyni mənzilin 3-4 nəfərə satılması faktı vəziyyətin miqyasını göstərir”. Sakinlər hesab edir ki, problemin bu həddə çatmasında təkcə tikinti şirkəti deyil, aidiyyəti dövlət qurumlarının nəzarətsizliyi də rol oynayıb.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, “Vesta Construction” MMC tərəfindən köçürülən sakinlər və sonradan öz vəsaiti hesabına mənzil alan vətəndaşlar qarşısında öhdəliklər yerinə yetirilməyib. Qurumdan qeyd olunub ki, şirkət rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, problemlər aradan qaldırılmayıb. Məlumata görə, zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb və hazırda istintaq davam edir.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR