Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin kritik şəkildə dayazlaşması ilə bağlı beynəlxalq ictimaiyyətə ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırkı dinamika davam edərsə, dünyanın ən böyük qapalı su hövzəsi geri dönməz ekoloji fəlakət mərhələsinə qədəm qoya bilər. Prezident qlobal ictimaiyyəti Xəzərin qorunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə çağırıb.
Tokayev çıxışında bildirib:
“Xəzər dənizinin dayazlaşma tempi bu şəkildə davam edərsə, proses dönməz hala gələ bilər və bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb olar. Qazaxıstan ekosistemin dağılmasının və Xəzərin dayazlaşmasının qarşısını almaq üçün xüsusi dövlətlərarası proqram hazırlanması təşəbbüsünü irəli sürüb”.
Məlum olduğu kimi, Xəzər dənizi - dünyanın ən böyük qapalı su hövzəsi son illər görünməmiş sürətlə səthini itirir. Artıq alimlər və regional hökumətlər bu prosesi XXI əsrin ən təhlükəli ekoloji böhranlarından biri hesab edirlər.
Statistikaya görə, son 18 ildə Xəzərin səth sahəsi 36 000 kvadrat kilometr azalıb. 2024-cü ilin sentyabrına olan məlumata əsasən, şimal-şərqdə suyun səviyyəsi 20 sm, şərq hissədə isə 17 sm azalıb. 2006-2024 dövründə dənizin ümumi səth sahəsi 392.3 mindən 355.7 min kv.km-ə düşüb və bu, 36.6 min kv.km azalma deməkdir.
Son 20 ildə yalnız Qazaxıstan sektorunda suyun səviyyəsi 2.13 metr aşağı düşərək 29.2 metrə çatıb. Qazaxıstan sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.
Bu rəqəmlər Xəzərin tarixində görünməmiş dəyişikliklərin baş verdiyini təsdiqləyir. Xəzərdəki dəyişikliklər artıq peyklərdən belə aydın müşahidə olunur. NASA və Avropa Kosmik Agentliyinin yayımladığı şəkillər dənizin xüsusilə şimal və şərq hissələrində sürətlə geri çəkildiyini qrafik şəkildə nümayiş etdirir.
Qazaxıstan və Türkmənistan sakinləri bildirirlər ki, əvvəllər su altında olan ərazilər indi qurumuş dəniz dibinə çevrilib. Bəzi yerlərdə insanlar bir vaxtlar balıqçı qayığının üzdüyü ərazilərdə addımlayaraq gəzir.
Dayazlaşmanın səbəbləri hansılardır?
Mütəxəssislər hesab edir ki, Xəzərin çəkilməsinin başlıca səbəblərindən biri iqlim dəyişikliyi ilə bağlıdır. Belə ki, regionda hava temperaturu davamlı şəkildə artır. Qafqaz dağlarında qar örtüyünün azalması çayların su gətirməsini zəiflədir. Xəzərin əsas qidalandırıcı mənbəyi olan Volqanın suyu kəskin şəkildə azalır. Şimal hövzəsində yay temperaturunun yüksəlməsi buxarlanmanı ekstremal səviyyələrə çatdırıb.
Əsas səbəblərdən biri də Volqa çayında su anbarları, hidrotexniki qurğular və suvarma sistemlərinin suya tələbatının artması ilə bağlıdır. Belə ki, çaydan sənaye və kənd təsərrüfatı üçün suyun yönləndirilməsi dənizə çatan su həcmini azaldır.
Region ölkələrində su siyasəti qeyri-effektivdir, qanunsuz su istifadəsi geniş yayılıb. Suvarma sistemlərinin qeyri-səmərəliliyi su itkisini daha da artırır.
Ekoloqlar xəbərdarlıq edirlər ki, su siyasəti dəyişməsə, Xəzərin çəkilməsini dayandırmaq mümkün olmayacaq. Xəzərin çəkilməsi yalnız ekoloji deyil, həm də böyük iqtisadi böhrana səbəb olur. Belə ki, gəmilər dənizdən geri çəkilən limanlara çata bilmir. Bu isə yükdaşımanı məhdudlaşdırır, ticarət xətlərini çətinləşdirir, regional iqtisadiyyatı zəiflədir. Balıqçılıq çökür, turizm zəifləyir, icmalar həm gəlirlərini, həm də ənənəvi həyat tərzlərini itirirlər.
Bəs həqiqətənmi Qazaxıstan prezidentinin dediyi kimi, Xəzər dənizinin dayazlaşması geri dönmə həl ala bilər?
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a danışıb.
![]()
Ekoloq qeyd edib ki, Aral və Urmiya göllərinin quruma prosesi indi Xəzər dənizində müşahidə olunur:
“Xəzər dənizi daxili göldür və bütün digər daxili göllər kimi onun əsas su mənbəyi ona axan çaylardır. Son 30 ildə dünyadakı daxili göllərin yarıdan çoxu əhəmiyyətli dərəcədə suyunu itirib, bir qismi isə tamamilə quruyub. Məsələn, Aral gölü, Urmiya gölü və Çad gölü artıq demək olar ki, tamamilə qurumuş vəziyyətdədir. Halbuki bu göllər əvvəllər çoxşaxəli və rəngarəng ekosistem xidmətləri göstərən su hövzələri idi. Burada saysız-hesabsız balıq növləri yaşayırdı, su-bataqlıq ərazilərə bağlı quşlar burada qidalanır və məskunlaşırdı. Bu gün adını sadaladığımız həmin göllər bütün bu funksiyalardan məhrum olublar və quruma prosesi gözlənilmədən, sürətlə baş verib.
Suyun azalması ilk illərdə gözlə görünməyəcək qədər yavaş gedir. Məsələn, biz göllərə tökülən çayların suyundan həddindən artıq istifadə etdikdə, bu azalma dərhal hiss olunmur, lakin müəyyən müddətdən sonra özünü göstərməyə başlayır və bir anda ekoloji faciə ilə üz-üzə qalırıq. Aral və Urmiya göllərinin aqibəti məhz bu şəkildə formalaşıb. İndi isə eyni proses Xəzər dənizində müşahidə olunur.
Xəzərdə səviyyə azalması tarixi dövrlərdə də olub və bu, əsasən onun daxili göl olması ilə bağlıdır. Daxili göllərdə səviyyənin həm artması, həm də azalması mümkündür və Xəzər kimi böyük göldə bu proseslər daha geniş miqyasda görünür. Lakin hazırkı azalma təkcə təbii dövrlərlə bağlı deyil; həm də iqlim dəyişmələrinin təsiri, çay sularından həddən artıq istifadə və idarəetmə problemləri ilə bağlıdır.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin xəbərdarlığından əvvəl də Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, bütün hallarda iqlim dəyişikliklərini günahlandırmaq düzgün deyil. Çünki biz Xəzərə tökülən çayların suyundan özümüz də həddindən artıq istifadə edirik. Məsələn, Volqa çayı üzərində salınmış su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdən çoxdur ki, bu da əlavə su itkisi deməkdir. Həştərxan vilayətində son illər əkin sahələrinin həcmi kəskin şəkildə artıb. Digər çay hövzələrində də oxşar mənzərə müşahidə olunur. Məsələn, Kür hövzəsində su götürmələri xeyli çoxalıb; Türkiyə, Gürcüstan və Azərbaycanın özündə Kürdən götürülən su əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Təbii ki, bütün bunlar gec-tez öz təsirini Xəzərin səviyyəsində göstərməli idi və göstərir də”.
Ekoloq bildirib ki, Xəzərin suyunun azalma prosesi dönməz ola bilər:
“Əgər biz bu gün adaptasiya planlaşdırmasını həyata keçirməsək, Xəzərdə səviyyə azalması geri dönməz mərhələyə daxil ola bilər. Sevindirici haldır ki, Azərbaycan artıq bu istiqamətdə mühüm addımlar atıb. Hazırda Şirvan kanalının genişləndirilməsi həyata keçirilir. Bu yalnız əkin sahələrinin artırılması üçün deyil, eyni zamanda Şirvan kanalında su itkilərinin minimuma endirilməsi üçündür. Bu, milli adaptasiya proqramının əsas tərkib hissələrindən biridir və Azərbaycanın su təhlükəsizliyinə ciddi töhfə verir”.
Rövşən Abbasov vurğulayıb ki, eyni adaptasiya proqramları digər Xəzəryanı ölkələr tərəfindən də həyata keçirilməlidir:
“Ümid edirik ki, beş Xəzər dövləti bir araya gələrək öhdəliklər müəyyənləşdirəcək və hər bir ölkənin ərazisindən axan çaylar vasitəsilə Xəzərə nə qədər suyun daxil olmalı olduğu barədə ortaq razılığa gələcəklər. Bu prosesə Türkiyə, Gürcüstan və Ermənistan da cəlb edilməlidir. Çünki Xəzərə axan suların azalmasında bu ölkələr də iştirak edir. Eləcə də İran həm Xəzəryanı dövlət kimi, həm də dolayı yolla Xəzərə çatan suların azalmasına təsir edən ölkə olaraq bu mexanizmdə iştirak etməlidir”.
Xalidə Gəray
Musavat.com






