Xəbər verildiyi kimi, Suriyadakı etimad hökumətinin başçısı Əhməd əl-Şaraa ardıcıl ikinci dəfə Moskvaya səfər etdi. Onun özündən əvvəlki ölkə rəhbəri Bəşər Əsədin sığındığı şəhərə tez-tez “ayaq açması” diqqətlə izlənilməkdədir.
Heç şübhəsiz ki, Əhməd əl-Şaraanın Putinlə Moskvadakı görüşü sadəcə, iki liderin protokol çərçivəsində apardığı danışıqlar deyil, Yaxın Şərqdə dəyişən geosiyasi oyunun açıq mesajıdır. Suriya liderinin Kreml tərəfindən yüksək səviyyədə qəbul edilməsi Rusiyanın bölgədə geri çəkilmədiyini, əksinə, mövqelərini yenidən möhkəmləndirməyə çalışdığını göstərir.

Dəməşq üçün Moskva hələ də əsas hərbi-siyasi dayaqlardan biridir, Kreml üçünsə Suriya Aralıq dənizinə çıxış, regional təsir və Qərbə qarşı balans alətidir.
Bu görüş eyni zamanda, Qərbə ünvanlanan açıq çağırışdır: Yaxın Şərq Moskvanın oyunundan çıxmayıb. Sual isə açıq qalır: Putin–Şaraa görüşü Rusiyanın Yaxın Şərqə böyük qayıdışının başlanğıcıdır, yoxsa Moskvanın azalan təsirini qorumaq üçün atdığı son strateji addımlardan biri?
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Musavat.com-a açıqlamasında Yaxın Şərqin yenidən qarışmaq ərəfəsində olduğunu söyləyib: “Bildiyiniz kimi, Suriyada illərdir ki, davam edən vətəndaş müharibəsinin sonunda nəhayət hakimiyyət dəyişikliyi baş verdi. Bunun nəticəsində əvvəlki rejimi dəstəkləyən İran tamamilə Suriyadan çıxarıldı. Amma eyni sözü Rusiya haqda söyləmək olmaz. Rusiyanın Suriyadakı bazalarının gələcəyi açıq qaldı. Yeni Suriya hakimiyyəti görünür Türkiyənin də məsləhəti ilə eyni anda Rusiyaya qarşı çıxmaqdan vaz keçdi".
Ekspertin fikrincə, göründüyü kimi, Suriya üzərində Türkiyə Rusiya ilə anlaşdı: "Və Rusiya İrandan fərqli olaraq, Suriyada qalası oldu. Çünki bununla həm də İsrailə qarşı yeni Suriya hakimiyyəti Rusiya sifətində özünə yeni tərəfdaş qazanmış oldu. Bu gedişat təkcə Suriyanın deyil, həm də Rusiya ilə Türkiyənin maraqlarına cavab verdi. Rusiya Suriyada az-çox mövqeyini qoruyub saxlaya bildi. Türkiyə də, Rusiya vasitəsilə İsrailin işini Suriyada çətinləşdirmiş oldu. Şaranın Moskva səfəri və Putinlə görüşü Şamın Kremlə mesajı oldu ki, münasibətləri təmiz vərəqdən başlaya bilərik”.
Onun fikrincə, Ankaranın vasitəçiliyi ilə Suriyada Amerika və Rusiya neytrallaşdırıldı: “Qaldı bir İsrail. O da göründüyü kimi, əvvəlki kimi aqressiv deyil. Çünki eyni vaxtda İran və Türkiyəni arxasına alan Suriyaya qarşı iki cəbhədə vuruşa bilməz. Üstəlik, İrana qarşı cəbhədə Suriyanı da Amerika yanına ala bilər və bu da İsrailin hələlik sakit qalmasının səbəbi ola bilər. Bir sözlə, Yaxın Şərq yenə qarışmaq ərəfəsindədir və buna görə də hər kəs daxildən də, xaricdən də çalışır ki, öz yerini alsın”.
Cavanşir ABBASLI
Musavat.com






