Yaxın Şərqdə müharibə barabanları çalınarkən, ABŞ-ın regiondakı əsas müttəfiqləri Vaşinqtonu şoka salacaq bir qərar qəbul ediblər.
Musavat.com xəbər verir ki, "CBS News"un verdiyi sensasion məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya öz ərazilərindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə qəti şəkildə qarşı çıxıblar.
40 min əsgər "kilidləndi"
Xatırladaq ki, bu ölkələrin ərazisində hazırda 40 minə yaxın ABŞ hərbi qulluqçusu yerləşdirilib. Lakin ərəb ölkələri İranın öz ərazilərindəki Amerika obyektlərinə cavab zərbələri endirəcəyindən ciddi şəkildə ehtiyat edirlər. Bu səbəbdən onlar öz torpaqlarının və hava məkanının İrana qarşı "hücum meydanı"na çevrilməsinə icazə vermirlər.
Məlumata görə, ərəb vasitəçiləri ilə yanaşı, Türkiyə də İranın nüvə proqramı ətrafındakı böhranın yalnız diplomatik yollarla həllini dəstəkləyir. Adı çəkilən ölkələrin hamısı İranda hər hansı dövlət quruluşu dəyişikliyinə (rejim dəyişikliyinə) qarşı vahid cəbhədən çıxış edirlər.
Daha bir sarsıdıcı məlumat isə Pentaqondan gəlib. Bildirilir ki, ABŞ hərbçiləri artıq gələn şənbə günündən etibarən İrana qarşı döyüş əməliyyatlarına başlamağa hazır olduqlarını Donald Trampa məruzə ediblər. Lakin Tramp hələlik yekun qərarını verməyib və əməliyyatın bu həftə sonu başlamayacağı ehtimalı yüksəkdir.
Bölgədəki bu parçalanma Vaşinqtonun hücum planlarını alt-üst edə və Tehranın mövqeyini daha da gücləndirə bilər.
Musavat.com






