1951-ci ilin dekabrında tibb polkovniki Qriqori Mayranovskinin mənzilində axtarış aparıldıqda, zəhərli maddələrin bütöv bir arsenalı aşkar edilib. Bu, kiçik bir şəhəri zəhərləmək üçün kifayət edib. On dörd il SSRİ Xalq Daxili İşlər Komissarlığının gizli laboratoriyasına rəhbərlik edən professorun evində bu qədər zəhərin olması hələ də müəmmalı olaraq qalır. Müstəntiqlər heç vaxt bu məsələyə dəqiq cavab tapa bilməyiblər.
Qriqori Mayranovski kimdir?
Q.Mayranovski 1899-cu ildə Batumidə çoxuşaqlı bir yəhudi ailəsində anadan olub. Valideynləri özəl kafeteriya işlədib və oğullarının həkim olmasını arzulayıblar. Oğlan orta məktəbi bitirib, Tiflisdə tibb institutuna daxil olub və bu müddət ərzində siyasətlə maraqlanmağa başlayıb. 1917-ci ildə Bund partiyasına qoşulub (qardaşı Abram Bakı özəyinin liderlərindən biri olub), lakin 1920-ci ilə qədər bolşeviklərin tərəfinə keçib.
![]()
1922-ci ildə Qrişa Moskvaya köçüb, Moskva Dövlət Universitetində tibb təhsilini başa vurduqdan sonra karyerasına başlayıb. O, əvvəlcə Jeleznovodskdakı Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sanatoriyasında rezident həkim, daha sonra baş həkim kimi çalışıb. Biokimya institutunun aspirantı və otuz beş yaşında toksikologiya kafedrasının müdiri olub. Onun kimi heç kəs zəhərlər üzrə aparıcı mütəxəssis olmayıb.
Lakin 1936-cı ildə Mayranovski “xüsusi laboratoriyanın işini pozduğuna və məxfi məlumatlara çıxış əldə etməyə cəhd etdiyinə görə” partiyadan xaric edilib. O, partiya nəzarət şöbəsinə şikayət edib və yenidən vəzifəsinə bərpa edilib. Qriqori yalnız indi zəhər mütəxəssislərinə hava kimi ehtiyac olduğu zaman diqqəti cəlb edib. 1937-ci ilin avqustunda, ölkə daxilində edamlar intensivləşəndə və “böyük terror” geniş vüsət alanda toksikologiya professoru Xalq Daxili İşlər Komissarlığında işləməyə dəvət edilib.
Ona Dövlət Təhlükəsizlik Baş İdarəsinin 12-ci şöbəsində toksikologiya laboratoriyasının təşkili tapşırılıb. Bu laboratoriya tarixə bir neçə adla daxil olub: “X laboratoriya”, “12 nömrəli laboratoriya” və “1 nömrəli laboratoriya”, lakin bundan xəbərdar olan işçilər onu sadəcə “Palata” adlandırıblar.
![]()
“Palata” Varsonofyevski küçəsində, 11 saylı künc binada yerləşib. Bura vaxtilə Varsonofyevski monastırının yeri olub və qədim adətə görə, burada kasıblar və zorakılıqla öldürülənlər dəfn olunub. Odur ki, laboratoriya üçün yer qəsdən seçilib. Təcrübələr davam edərkən işçilər gecə-gündüz növbədə olublar. Yeri gəlmişkən, binada hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin apteki yerləşir.
Edam küçəsi
Laboratoriyanın yerləşdiyi küçədəki 6-cı mənzildə Lubyanka komendantı Vasili Bloxinin hər gün qətllər həyata keçirdiyi edam zirzəmisi yerləşib. Yeraltı keçidlər hər iki binanı Dzerjinski meydanındakı əsas bina ilə birləşdirib. Dövlət təhlükəsizlik naziri və qurumun dörd yüksək vəzifəli zabiti də daxil olmaqla, laboratoriyaya yalnız beş nəfərin girişi olub.
Hər zəhər on nəfər üzərində sınaqdan keçirilib və müşahidə müddəti on gündən on dörd günə qədər davam edib. Müxtəlif hesablamalara görə, “Palata”da 300 insan üzərində müxtəlif sınaqlar aparılıb. Onların arasında 58-ci maddəyə əsasən məhkum edilmiş əsl cinayətkarlar və siyasi məhbuslar, alman və yapon hərbi əsirləri, eləcə də polyaklar, koreyalılar və çinlilər olub.
Mayranovskinin sınaqdan keçirdiyi zəhərlərin çeşidi heyrətamizdir. O, tallium, strixnin, arsen və siyanidi sınaqdan keçirib. Lakin risin və akonitin onun arsenalında xüsusi yer tutub. Risin kiçik dozalarda sınaq iştirakçılarında gözlənilməz bir təsir yaradıb: onlar danışmağa başlayıblar və nitqlərinə nəzarəti itiriblər. Bu xəbər Beriyanı çox sevindirib.
![]()
Akonitin vurulan sınaq iştirakçılarının ölümü uzun və ağrılı olub. Karbilaminkolin xlorid kimi də tanınan K-2 dərmanı Mayranovskinin “şah əsəri”nə çevrilib. Qeyd olunub ki, zəhər vurulan şəxs sanki boyca kiçilib, zəifləyib və getdikcə sakitləşib. On beş dəqiqədən sonra isə ölüb. Dərmanın etibarlılığını yoxlamaq üçün sınaq iştirakçılarından birinin cəsədi Sklifosovski İnstitutuna göndərilib. Patoloqlar hesabatda "kəskin ürək çatışmazlığı" yazsalar da, zəhər izi tapmayıblar.
1946-cı ildən etibarən laboratoriya təcrübələrdən “döyüş əməliyyatlarına” keçib. Komissarlığın 4-cü idarəsinin rəisi general Pavel Sudoplatov ləğvetmələrə şəxsən nəzarət edib və Mayranovski ona “tibbi dəstək” verib. İlk böyük əməliyyat Stalinin "burjua millətçisi" hesab etdiyi ukraynalı kommunist Aleksandr Şumskinyə qarşı sui-qəsdi olub. İflic olan Aleksandr Saratov xəstəxanasında müalicə olunub. Sudoplatov və Mayranovski onu xəstəxana otağında ziyarət ediblər, iynə vurublar və ölüm haqqında şəhadətnaməsində “ürək çatışmazlığı” qeydi yazılıb.
Stalin və Beriyanın sifarişləri bitmək bilməyib. Bir neçə qətldən sonra 1951-ci ildə polkovnikin özü həbs edilib. Beriyaya yazılan məktub ona kömək etməyib. 1961-ci ilin dekabrında Mayranovski azadlığa buraxılıb. O, dərhal reabilitasiya almağa çalışsa da, lakin yenidən tutulub. Deyilənə görə, Vladimir mərkəzində o, kamera yoldaşlarının qollarından tutub qışqırıb: “Mənə yaxınlaşmayın! Məni öldürmək istəyirsən! Mən bunun necə edildiyini bilirəm!”.
1964-cü ildə Qriqori Moiseyeviç Mayranovski vəfat edib. Qəribə olsa da, həkimlər rəylərində “kəskin ürək çatışmazlığı” yazıblar.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






