Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqlarda ABŞ-dan və konkret olaraq Donald Trampdan başqa real vasitəçi görmədiyini açıq şəkildə bəyan edib.
Musavat.com xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ukrayna ABŞ-a alternativ axtarmamalıdır.
Zelenskinin sözlərinə görə, Rusiyaya real təsir göstərə biləcək güc məhz Birləşmiş Ştatların və ABŞ prezidentinin əlindədir:
“Belə bir gücün mövcud olduğuna inanıram və bu güc ABŞ-dır. Biz alternativ axtarmamalıyıq, çünki digər variantların bu işi bacarıb-bacarmayacağı sual altındadır”.
Ukrayna lideri vurğulayıb ki, müharibənin dayandırılması ABŞ üçün diplomatik qələbə olmalıdır və bu proses Vaşinqtonun uğuru kimi tarixə düşməlidir.
Zelenski qeyd edib ki, nəzəri baxımdan Yaxın Şərq ölkələri də vasitəçi rolunu oynaya bilər, lakin real nəticə əldə etmək baxımından ən böyük şans yenə də ABŞ-ın əlindədir. Onun sözlərinə görə, Avropa ölkələri, Kanada və Yaponiya artıq danışıqlarda bu və ya digər formada iştirak edirlər.
Çin məsələsinə toxunan Zelenski isə açıq şəkildə skeptik mövqe ortaya qoyub:
“Çin də vasitəçi ola bilərdi, amma biz Pekindən bu müharibəni bitirmək üçün heç bir istək görmürük”.
Beləliklə, Kiyevin mövqeyi aydındır: Rusiya ilə danışıqlarda əsas açar fiqur Vaşinqtondur və Zelenskinin fikrincə, bu prosesi nəticəyə çatdıracaq əsas şəxs də məhz Donald Trampdır.
Musavat.com






