Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə növbəti hərbi əsir mübadiləsinin uğurla başa çatdığını rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, dövlət başçısı keçirdiyi brifinqdə mübadilə nəticəsində 157 Ukrayna hərbçisinin əsirlikdən azad edilərək vətənə qaytarıldığını bildirib. Zelenski azad olunanların hər birinin lazımi tibbi müayinədən keçəcəyini və dövlət tərəfindən hər tərəfli dəstəklə təmin olunacağını vurğulayıb.
Eyni zamanda, prezident Ukraynanın danışıqlar qrupuna yeni əsir mübadilələrinə nail olmaq üçün işləri daha da sürətləndirmək barədə tapşırıq verib.
Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında keçirilən görüşlərə də toxunaraq, tərəflərin üçtərəfli danışıqların daha bir mərhələsinin keçirilməsi barədə razılığa gəldiyini təsdiqləyib. Görüşün detallarını "həssas" adlandıran Ukrayna lideri qeyd edib ki, əldə olunan nəticələr və gələcək planlar barədə ictimaiyyətə daha sonra geniş məlumat veriləcək.
Musavat.com






