İnsanlara hürriyət, millətlərə istiqlal!

Zöhrabyandan Bakıya həyasız böhtan - “axçi” nə istəyir?

1067 16.12.2025 11:25 Siyasət A A

Novella Cəfəroğlu: “Özü yaxşı bilir ki, söylədiyi ittihamlar yalandır”

Keçmiş deputat Naira Zöhrabyan Azərbaycanın ünvanına böhtanlar yağdırıb. Onun “Hraparak”a verdiyi geniş müsahibədə səsləndirdiyi absurd ittihamlardan biri odur ki, guya “Bakı qalasında işgəncə verilən həmvətənləri” var. Eks-deputat bildirib ki, Bakıda mühakiməsi davam edən Vigen Euljekyanın həyat yoldaşı ilə danışıb: “O, artıq əri ilə heç bir əlaqəsi olmadığını, sonuncu dəfə danışanda ərinin artıq danışa bilmədiyini, ona Bakı qalasında dərman verilmədiyini və yalnız bəzən çay verildiyini dedi”. 

Ümumiyyətlə, Azərbaycanda məhkəməsi davam edən erməniəsilli hərbi cinayətkarların işgəncəyə məruz qalması, dərman və qida verilməməsi kimi şər-böhtan dolu bəyanatlar heç zaman ayaq açıb yerimir. Çünki indiyə qədər bu barədə hər hansı fakt yoxdur. Məhkəmə prosesində iştirak edən Araik və dəstəsinin zahiri görünüşündən də agah olur ki, onlar fiziki cəhətdən özlərini yaxşı hiss edirlər. Dərmansız qalan məhbusun üz-gözündən halsızlıq tökülməlidir. 

Ermənistanda və bəzi Avropa təsisatlarında Azərbaycana qarşı hərbi canilərlə bağlı çirkin kampaniya aparılır. Onları gah “siyasi məhbus”, gah da “hərbi əsir” adlandırırlar. Bu dəfə də ictimaiyyətin yaxşı tanıdığı Zöhrabyan sərsəmləməyə başlayıb. O, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin keçmiş üzvüdür. 

Zöhrabyan yalan danışdığını bildiyi halda, nə üçün Bakıda həbsdə olan erməniyə guya dərman verilmədiyini iddia edir? 

Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, keçmiş deputat Naira Zöhrabyanın Azərbaycan haqqında səsləndirdiyi fikirlər böhtandan başqa bir şey deyil: “Onun ”Hraparak"a verdiyi müsahibədə Bakıda məhkəmə qarşısına çıxarılan erməniəsilli şəxslərə guya işgəncə verilməsi, onlara dərman və qida verilmədiyi iddiaları nəinki absurd, eyni zamanda tamamilə əsassız olan böhtandır. Bu böhtanlar Azərbaycanı ləkələmək məqsədilə ortaya atılmış uydurmalardır. Yalandan deyir ki, Vigen Euljekyanın həyat yoldaşı ilə danışıb və onun sözlərinə görə, ərinə düzgün qayğı göstərilməyib. Amma bu iddialar faktlarla üst-üstə düşmür. Azərbaycanda məhkəmə prosesi davam edən hər hansı məhbusun işgəncəyə məruz qalması və ya zəruri tibbi yardımdan məhrum edilməsi barədə heç bir sübut yoxdur. Əksinə, məhkəmə prosesində iştirak edən şəxslərin zahiri görünüşü onların sağlam, fiziki cəhətdən normal vəziyyətdə olduğunu göstərir. Əgər həqiqətən də belə olsaydı, üz-gözündə halsızlıq, zəiflik dərhal görünərdi. Bu, sadəcə olaraq, Ermənistanda və bəzi Avropa institutlarında Azərbaycana qarşı qurulan çirkin informasiya kampaniyasının bir hissəsidir". 

Hüquq müdafiəçisi bildirib ki, işğal edilmiş Azərbaycan torpaqlarında illərlə hərbi cinayət törətmiş şəxslərin “siyasi məhbus” və ya “hərbi əsir” kimi təqdim etmə cəhdi ortalıqdadır: “Zöhrabyanın çıxışları da bu kampaniyanın davamıdır. Ən qəribəsi isə budur ki, Zöhrabyan özü yaxşı bilir ki, söylədiyi ittihamlar yalandır. O, Azərbaycan həbsxanalarının şəraitini, məhbusların tibbi və sosial təminatını bilə-bilə mənasız, uydurma iddialar səsləndirir. Ermənistanın AŞ PA-dakı keçmiş nümayəndəsi kimi o, artıq beynəlxalq hüquq normalarını və məhkəmə proseslərinə hörməti də yaxşı bilməlidir. Amma görünür, məqsəd yalnız Azərbaycana qarşı siyasi təzyiq və böhtan kampaniyası aparmaqdır. Bu tip sərsəmləmələr bir daha göstərir ki, bəzi şəxslərin və institutların məqsədi həqiqət yox, ideoloji manipulyasiyadır. Azərbaycan hüquq sisteminin şəffaflığı və məhkəmə proseslərinin düzgünlüyü isə bu yalanları heç zaman təsdiqləmir. Və Azərbaycan ictimaiyyəti belə uydurma ittihamlara heç vaxt inanmayacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR