Rusiyalı milyarder, “Alfa-Bank”ın sabiq top-meneceri Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı Aliya Qalitskaya Moskva vilayətinin İstra şəhərində müvəqqəti saxlanma təcridxanasında ölü tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva məlumat verib.
RBK nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, hadisə fevralın 8-i səhər saatlarında qeydə alınıb.

Daxili İşlər Nazirliyinə tabe olan qurumlar isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Merkaçevanın sözlərinə görə, Qalitskaya saxlanıldığı kamerada tək olub və hadisə ilə bağlı qeyd buraxdığı iddia edilir.
Xatırladaq ki, fevralın 6-da İstra şəhər məhkəməsi Qalitskayanın iki aylıq həbsinə qərar verib. İstintaqın versiyasına görə, o, 2024-cü ilin iyulundan etibarən keçmiş həyat yoldaşından 150 milyon dollar tələb edib, əks halda nüfuzuna zərər verə biləcək məlumatlar yayacağı ilə hədələyib. Bu ittiham üzrə onu 15 ilədək həbs cəzası gözləyirdi.

Bundan əvvəl Qalitskaya birgə əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət edib, həmin iş çərçivəsində Qalitskinin təxminən 435 milyon rubl (5,7 milyon dollar) dəyərində aktivlərinə həbs qoyulub. Bu aktivlərə Moskvanın mərkəzində mənzil, elit yaşayış kompleksində apartament və şəhər kənarında ev daxildir.
Cütlük 2025-ci ilin martında boşanıb. Onların iki qızı var və uşaqlar həm Rusiya, həm də ABŞ vətəndaşlığına malikdir. ABŞ-nin Kaliforniya ştatının Ali Məhkəməsi boşanmadan sonra uşaqların ana ilə qalmasına qərar versə də, 2025-ci ilin mayında iş adamının qızlarını məktəbdən götürərək naməlum istiqamətə apardığı bildirilir. Qalitskaya bu hadisə ilə bağlı həm ABŞ, həm də Rusiya qurumlarına müraciət etmişdi. Daha sonra o, qızları ilə İsveçrədə görüşə bilsə də, vəkilinin sözlərinə görə, sənədlər atada qaldığı üçün onları geri apara bilməyib.

Qeyd edək ki, Aleksandr Qalitski 2022-ci ilin martınadək “Alfa-Bank”ın direktorlar şurasının üzvü olub. O, Avropa İttifaqının bankın digər iki rəhbərinə qarşı sanksiya tətbiq etməsindən sonra həmin vəzifədən ayrılıb.
Musavat.com






