İnsanlara hürriyət, millətlərə istiqlal!

2026-cı ilin dövlət büdcəsinə bu dəyişikliklər edilib

1671 09.12.2025 11:48 İqtisadiyyat A A

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda büdcə qanunu barədə məlumat verib.

Musavat.com-un məlumatına görə, komitə sədri bildirib ki, “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsi 3-cü oxunuşda müzakirə üçün təqdim olunur:

“Bir aydan çoxdur ki, davam edən büdcə müzakirələrinin artıq sonuncu mərhələsinə gəlib çatmışıq. Bu müddət ərzində hökumət və parlament üzvlərinin iştirakı ilə səmərəli və konstruktiv müzakirələr aparılıb.

Ciddi büdcə konsolidasiyası, fiskal dayanıqlıq, keyfiyyət dəyişikliklərinə keçid yeni büdcə sənədinin əsas məzmun və mahiyyətini təşkil edir.

2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard, kəsiri 3,1 milyard manat, icmal büdcənin gəlirləri 44,9 milyard, xərcləri 48,8 milyard, kəsiri isə 3,9 milyard manat təşkil etməklə 3-cü oxunuşda da dəyişməz olaraq qalır.

Hörmətli həmkarlar!

Tərəfinizdən səsləndirilən bəzi təkliflər, həmçinin müzakirələr ərəfəsində bir neçə büdcə təşkilatının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda müvafiq dəyişikliklər əlavə maliyyə təminatı tələb edir. Yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi təklif olunur.

Bu dəyişikliklər bir tərəfdən büdcə qaydasının tələblərini nəzərə alır, digər tərəfdən də növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur. Başqa sözlə, büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır”.

A.Əmiraslanov həmin dəyişikliklərlə bağlı məlumat verib:

“Müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur.

Ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3,0 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.

Sadaladığımız və cəmi 52,0 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq.

Bununla yanaşı, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac var.

Həmkarlarımız tərəfindən qaldırılan məsələlərin bir qisminin prioritetlik prinsipi üzrə dövlət investisiya xərcləri hesabına həll ediləcəyi nəzərdə tutulur.

Məlumat üçün qeyd edim ki, növbəti ildə dövlət investisiya proqramı üçün 2,7 milyard manat vəsait planlaşdırılır.

Təklif olunan dəyişikliklər 2026-cı il dövlət büdcəsi haqqında yenilənmiş Qanun layihəsinin 1-ci, 7-ci və 9-cu maddələrində öz əksini tapıb”.

Komitə sədri büdcə müzakirələrinin nəticələrini ümumiləşdirərək bir sıra mühüm məqamları qeyd etməyi vacib hesab etdiyini vurğulayıb:

“Qalib Azərbaycan dövləti öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyur. Postmüharibə dövrü adlandırdığımız bu mərhələdə taleyüklü məsələlərin büdcə zərfində nəzərə alınması onun unikallığını ifadə edir. Böyük Qayıdış proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin həm əsas xüsusiyyəti, həm də üzərinə düşən başlıca missiyadır.

Büdcə zərfi dövrün çağırışlarını nəzərə almaqla həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. Mən möhtərəm cənab Prezidentin Neft Fondu ilə bağlı və bu günümüz üçün olduqca aktual səslənən bir fikrini xatırlatmaq istərdim:

“Dövlət Neft Fondu bizim iqtisadi suverenliyimizin əsas dayağıdır”.

Hörmətli həmkarlar, məhz bu səbəbdən də fondun aktivlərinin qorunması, dövlət büdcəsinin əsasən qeyri-neft gəlirləri hesabına formalaşdırılması, fiskal risklərin azaldılması ölkəmizin iqtisadi və maliyyə təhlükəsizliyinin başlıca şərtidir.

Bir məsələni xüsusi olaraq nəzərə almalıyıq ki, büdcə vəsaitlərimiz də, valyuta ehtiyatlarımız da dövlətimiz üçün təkcə maliyyə təminatı deyil, həm də ləyaqətli və qətiyyətli müstəqil siyasətin həyata keçirilməsi üçün, yeni tarixi mərhələdə qarşımızda dayanan taleyüklü məsələlərin həlli üçün mühüm maliyyə vasitəsidir.

Biz ötən günlərdə Şanlı Zəfərimizin 5 illiyini qeyd etdik. Möhtəşəm Qələbə paradında nümayiş etdirilən təkcə hərbi gücümüz deyildi, həm də iqtisadi gücümüz idi. Biz Qalib ölkənin Qalib iqtisadiyyatını qurmuşuq və onu daha da gücləndiririk.

Hörmətli həmkarlar!

Prezident İlham Əliyev ötən günlərdə qeyd edib ki, “Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”.

Heç şübhəsiz, Azərbaycan regionda dünən də güclü idi, bu gün də güclüdür və müəyyən edilmiş hədəfə doğru irəliləyərək sabah daha da güclü olacaq, daha böyük coğrafiyada, o cümlədən böyük türk dünyasında regional güc mərkəzi olaraq rolu daha da artacaq.

Cənubi Qafqaz üzrə regional iqtisadiyyatın yarıdan çoxu Azərbaycanın payına düşür. Təkcə qeyri-neft sektorunun həcmi region üzrə iki qonşu ölkənin ayrı-ayrılıqda ÜDM-dən xeyli çoxdur. Dövlət büdcəmizin qeyri-neft gəlirləri də hər iki ölkənin büdcə gəlirlərini üstələyir.

Sülh gündəliyinin de-fakto reallaşdırılmasından sonra yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Dövlətimiz döyüş meydanında qətiyyətlə və ləyaqətlə döyüşdüyü kimi, əməkdaşlıq müstəvisində də dostluğu və tərəfdaşlığı səmimiyyətlə və ləyaqətlə edir.

Azərbaycan söz sahibi olan regional güc kimi qonşularının da iqtisadi inkişafında maraqlıdır. Biz iqtisadi problemlərimizi bildiyimiz qədər, iqtisadiyyatımızın gücünü və qüdrətini, inkişaf potensialını və imkanlarını, istifadə edilməmiş resurslarını və perspektivlərini də çox yaxşı bilirik.

Azərbaycan Cənubi Qafqazda iqtisadi arxitekturanı müəyyənləşdirən, lider dövlətdir. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına töhfə verməyə hazırdır. Lakin nəzərə alınmalıdır ki, regionun dayanıqlı iqtisadi inkişafı, iqtisadi inteqrasiya perspektivləri yalnız və yalnız sülh gündəliyinə əməl etməkdən keçir.

Hörmətli həmkarlar!

Bu gün dövlətimizin gücü təkcə onun büdcəsi, valyuta ehtiyatları ilə müəyyən olunmur. Bu güc hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzu, öz lideri ətrafında birləşmiş müdrik xalqın dəstəyi ilə, ölkənin əmin amanlığı, təhlükəsizliyi və sabitliyi ilə, ən başlıcası isə Prezident İlham Əliyevin strateji idarəçilik məharəti ilə ölçülür.

Xatırlatmaq istərdim ki, ölkəmizdə ÜDM-in və büdcə gəlirlərinin 30-35 faiz artım nümayiş etdirdiyi illər olub. Lakin həqiqət bundan ibarətdir ki, indi iqtisadi artımın 2,9 faiz, büdcə artımının 0,7 faiz təşkil etdiyi bu günkü Azərbaycan həmin illərdən dəfələrlə həm güclüdür, həm qüdrətlidir, həm də daha artıq dərəcədə nüfuzludur.

Cənab Prezidentin təbirincə desək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
Milli iqtisadiyyatımız orta və uzunmüddətli dövrdə ciddi inkişaf perspektivlərinə malikdir. Dövlət investisiyalarının yönəldiyi sahələrin yaxın gələcəkdə tam dövriyyəyə cəlb olunması, iqtisadi fəallığı artırmaqla yanaşı yeni əlavə dəyər yaradacaq.

Qarşıdakı dövr sahibkarlıq potensialının tam reallaşdırılması, özəl sərmayələrin, o cümlədən xarici investisiyaların milli iqtisadiyyatımıza daha geniş cəlb edilməsi ilə səciyyələnəcəkdir. Bu isə həm dayanıqlı büdcənin, həm də davamlı iqtisadi artımın əsas şərtlərindən biridir.

Hörmətli həmkarlar!

Biz torpaqlarımızı azad etdik, indi isə iqtisadi və siyasi müstəvidə suverenliyimizi möhkəmləndiririk, milli maraqlarımıza söykənən prinsipial dövlət siyasəti həyata keçiririk. Təqdim edilən büdcə layihəsi növbəti ildə çox mühüm, taleyüklü strateji vəzifələrin icrası üçün maliyyə əsasları yaradacaq.

Beləliklə, aparılmış müzakirələrin nəticələrini, Hesablama Palatasının rəyini, büdcə qanunvericiliyinin tələblərinə və ölkəmizin strateji inkişaf hədəflərinə uyğunluğunu nəzərə alaraq “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edirik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR