Son illər süni intellekt, gen mühəndisliyi və biotexnologiyalar sahəsində baş verən sıçrayışlar insan ömrünün uzadılması ilə bağlı uzun illər fantastika hesab edilən nəzəriyyələri yenidən gündəmə gətirib. Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar, Silikon Vadisində fəaliyyət göstərən texnologiya şirkətlərinin milyardlarla dollarlıq investisiyaları və gələcəyin insanı haqqında yazılmış əsərlər bir sualı aktuallaşdırır: İnsan doğrudanmı yaxın onilliklərdə 150, 200, hətta 250 il yaşaya biləcək?
Türkiyədə yayımlanan bir televiziya proqramında çıxış edən professor Nejat Altıntaş bu mövzuda kifayət qədər cəsarətli proqnozlar verib. Onun fikirləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və ciddi müzakirələrə səbəb olub.
Professorun sözlərinə görə, qarşıdakı bir neçə il bəşəriyyət tarixində dönüş nöqtəsi ola bilər:

“Özümüzü 2030-cu ilə qədər qoruyaq. 2030-cu ilə qədər qorusaq, ölmədən qala bilərikmi? Bəli, ölmədən qala bilərik. İnsan ömrü 2030-cu ildən sonra, ilk başda 250 ilə çıxacaq.
Bunu necə edəcəyik? Süni intellektlə edəcəyik. Süni intellekt hazırda elə bir səviyyəyə gəlib çatmış vəziyyətdədir ki, artıq antibiotik istehsal edir. Xəstəni müalicə edir.
2030-cu ilə qədər dözün. Hansı vəziyyətdə dözsəniz, orada dondurulacaqsınız. Yəni, ona görə bu 4 il - qarşıdakı 4 il var ha… 4 il qocalma. Botoksa gəl, dolğuya gəl, nəyə gəlirsənsə gəl. Özünü harada saxlasan, orada donduracaq”.
Nejat Altıntaş bu fikirlərini qocalığın təbiəti barədə mövcud elmi nəzəriyyələrə əsaslandırmağa çalışır. O bildirir ki, əslində qocalıq insan orqanizminin qaçılmaz taleyi deyil, müəyyən mənada müalicə edilə biləcək bir prosesdir.

Nejat Altıntaş
Professorun izahına görə, insan hüceyrələrinin daxilində yerləşən DNT zəncirlərinin uclarında telomer adlanan strukturlar mövcuddur. Hər il bu telomerlər bir qədər qısalır. Qısalma kritik həddə çatdıqda hüceyrə artıq öz funksiyasını tam yerinə yetirə bilmir və yaşlanma prosesi başlayır.
Altıntaş deyir:
“Baxın, bu məqalə elmi bir məqalədir, real bir məqalədir. Niyə? Əslində qocalıq bir xəstəlikdir. Bilirsiniz ki, bizim hər bir hüceyrəmizin daxilində DNT-lərimiz var. DNT-lərin ətrafında, kənarlarında da biz bunlara telomer deyirik. Hər keçən il bu telomerlər qısalır. Qısaldığı zaman DNT hüceyrəyə deyir ki, məndən artıq bir xeyir gəlməz. Hüceyrə də ölməyə başlayır.
Telomeri nə uzadır? İndi baxın, bu telomeri əgər biz uzatsaq… bu xəstəlikdir axı? Biz bunun qısalmasının qarşısını alsaq, o zaman ölmərik. Bu xəstəliyi keçirmərik”.
Əslində telomerlər və yaşlanma arasındakı əlaqə uzun illərdir ki, dünya elminin diqqət mərkəzindədir. Nobel mükafatı laureatları Elizabet Blekbern, Kerol Qrayder və Cek Şostakın araşdırmaları da məhz telomerlərin və telomeraza fermentinin yaşlanma prosesindəki roluna həsr olunub. Lakin müasir elm hələlik telomerlərin uzadılmasının insanı faktiki olaraq ölümsüz edəcəyini təsdiqləmir.
Bununla belə, Silikon Vadisində fəaliyyət göstərən iri texnologiya şirkətləri və investorlar məhz bu istiqamətdə araşdırmalara milyardlarla dollar vəsait yatırırlar. Google-un dəstəklədiyi Calico layihəsi, Altos Labs, Retro Biosciences və digər şirkətlər insan hüceyrələrinin cavanlaşdırılması, yaşlanmanın ləngidilməsi və ömür müddətinin artırılması üzərində çalışırlar.
Bu mövzu ilə bağlı ən çox sitat gətirilən müəlliflərdən biri israilli tarixçi və futurist Yuval Noy Hararidir.
Hararinin 2015-ci ildə nəşr olunmuş “Homo Deus: Sabahın qısa tarixi” kitabında diqqət çəkən əsas tezislərdən biri budur ki, insanlıq yaxın gələcəkdə ölümə metafizik tale kimi deyil, texniki problem kimi baxmağa başlayacaq.
Harari yazır ki, keçmiş əsrlərdə insanlar aclıq, vəba və müharibələrlə mübarizə aparırdısa, XXI əsrin əsas layihəsi qocalığın və ölümün özünə qarşı mübarizə olacaq. Onun fikrincə, texnologiyanın inkişafı nəticəsində insan ömrünün 150 ilə çatması artıq fantastik görünmür.
Lakin Hararini maraqlandıran əsas məsələ ömrün uzanması deyil. O, bu prosesin doğuracağı sosial nəticələr barədə xəbərdarlıq edir.
Əgər insanlar 150-250 il yaşamağa başlasalar, ailə institutu necə dəyişəcək?
Bir kişi və bir qadın neçə yüz il birlikdə yaşaya biləcək?
Bir insan 200 illik həyatında neçə dəfə peşəsini dəyişəcək?
Neçə dəfə ailə quracaq?
Pensiya sistemi necə işləyəcək?
Əhali artımı hansı səviyyəyə çatacaq?
Yer üzündə resurslar kifayət edəcəkmi?
Harari hesab edir ki, uzunömürlülük texnologiyaları əvvəlcə yalnız varlı təbəqənin istifadəsinə verilərsə, bəşəriyyət tarixində görünməmiş bioloji bərabərsizlik yarana bilər. Onun ifadəsi ilə desək, gələcəyin zənginləri özlərini təkmilləşdirilmiş “Homo Deus”a – yəni insan-tanrı səviyyəsinə yüksəldə, yoxsullar isə yeni sosial təbəqəyə çevrilə bilərlər.
Maraqlıdır ki, uzunömürlülük mövzusu artıq siyasi liderlərin söhbətlərində də yer almağa başlayıb.
Ötən il Çin lideri ilə görüş zamanı açıq qalan mikrofonların qeydə aldığı söhbətdə Rusiya prezidenti Vladimir Putin və Çin rəhbərliyi insanların 150 il yaşaya bilməsi ehtimalını müzakirə edirdilər. Sonradan dünya mediasında geniş yayılan həmin dialoqda biotexnologiyalar, orqan transplantasiyası və ömrün uzadılması mövzularının müzakirə olunduğu məlum olmuşdu.

Bu gün dünya elmi hələlik insanın 250 il yaşayacağını təsdiqləmir. Ancaq bir fakt da var ki, əvvəllər yalnız fantastik romanlarda rast gəlinən bir çox texnologiyalar artıq reallığa çevrilib.
Süni intellekt yeni dərman molekulları hazırlayır, genetik xəstəlikləri müəyyən edir, tibbi diaqnostikanı dəyişdirir və biotexnologiya sahəsində inqilabi imkanlar yaradır.
Məhz buna görə professor Nejat Altıntaşın səsləndirdiyi fikirlər bir çox alim tərəfindən mübahisəli hesab olunsa da, insan ömrünün uzadılması istiqamətində aparılan qlobal yarışın artıq başladığını heç kim inkar etmir.
Bəlkə də əsas sual budur: İnsan 250 il yaşaya biləcəkmi?
Yoxsa daha vacib sual odur ki, əgər yaşasa, həmin 250 ili necə yaşayacaq?
Musavat.com






