ABŞ prezidentinin Ukraynada müharibəni “24 saata” bitirmək vədi artıq bir ildən çoxdur ki, reallıqla toqquşur.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti maraqlı analitik yazı dərc edib.
Məlumata görə, Donald Tramp hakimiyyətdə olduğu 13 ay ərzində Ukrayna və Rusiya nümayəndələri arasında bir neçə görüş təşkil etsə də, bu ilin üç danışıqlar raundu (iki dəfə Əbu-Dabidə, bir dəfə isə Cenevrədə) tərəfləri sülh sazişinə yaxınlaşdıra bilməyib.
Qəzetin yazdığına görə, hazırda Trampın diqqəti daha çox İranla mümkün razılaşmaya və Qəzzanın bərpası məsələsinə yönəlib. Mənbələr bildirirlər ki, ABŞ prezidenti nə Vladimir Putinə, nə də Volodimir Zelenskiyə razılaşma üçün ciddi təzyiq göstərir.
Qəzet xatırladır ki, Tramp əvvəllər Ukraynanı qeyri-konstruktiv mövqedə ittiham etmiş, Rusiyaya qarşı neft sanksiyaları tətbiq etmiş, Hindistanı Rusiya xammalının alışını azaltmağa məcbur etmiş və “kölgə donanması”na qarşı tədbirlər görmüşdü. Lakin indi administrasiyanın Ukrayna üzrə sülh prosesinə marağı tədricən azalır və diqqət digər geosiyasi istiqamətlərə yönəlir.
WSJ yazır ki, son danışıqlar daha çox tərəflərin Trampın narazılığına səbəb olmamaq cəhdinə bənzəyib. Rusiya vaxt udmağa çalışaraq paralel şəkildə Vaşinqtonla iqtisadi əlaqələrin bərpası və sanksiyaların yumşaldılması istiqamətində zəmin formalaşdırmaq niyyətindədir. Bildirilir ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-nin Rusiyada iştirak edə biləcəyi 14 trilyon dollarlıq layihələr paketi ideyasını irəli sürüb.
Kiyev də öz növbəsində Vaşinqtona loyal mövqe nümayiş etdirməyə çalışır. Qəzetə danışan yüksək rütbəli ukraynalı məmur bildirib ki, bu il keçirilən danışıqların əsas məqsədi ABŞ prezidentini Ukraynanın problem tərəf olmadığına inandırmaq olub.
Musavat.com






