İnsanlara hürriyət, millətlərə istiqlal!

“3+3” formatında növbəti görüş Azərbaycanda keçirilə bilər, Ermənistan geri addım atacaqmı?

766 10.12.2025 14:50 Siyasət A A

Dekabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında “3+3” formatı barədə danışarkən bildirib ki, Azərbaycan növbəti görüşə ev sahibliyi etməyə hazırdır.

Xatırladaq ki, “3+3” formatı çərçivəsində indiyə kimi 3 görüş keçirilib: birinci görüş Rusiyada, ikinci görüş İranda, sonuncu görüş isə 2024-cü ildə Türkiyədə baş tutub. 2024-cü ildə İstanbulda keçirilən görüş zamanı Azərbaycan tərəfi növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib, lakin  Ermənistan bu ardıcıllığa razılıq verməyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan dekabrın 9-da “3+3” regional platforması ilə bağlı hazırlıqların davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında aparılan diplomatik danışıqların əsas mövzusu görüşün keçiriləcəyi məkanın müəyyənləşməsidir. Rəsmi İrəvan bildirir ki, toplantının yeri ilə bağlı yekun qərar hələ verilməyib, müzakirələr davam edir.

Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan bu gün jurnalistlərə açıqlamasında Ermənistan nümayəndə heyətinin Bakıda “3+3”formatında görüşdə iştirak etməsi ehtimalını istisna etməyib.
Efirdə halı pisləşən deputat Modern.az-a DANIŞDI

Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, “3+3” formatı ətrafında  dialoqun qurulması bir müddət təxirə salınsa da, hazırda yenidən aktuallaşıb. Deputatın sözlərinə görə, məsələnin yenidən aktuallaşmasını zəruri edən avqustun 8-də ABŞ-də regional kommunikasiyaların açılması ilə bağlı razılığın əldə olunması və sülh sazişinin paraflanmasıdır:

“Şübhəsiz ki, təşəbbüskar, platformanın şərtlərini və bu platforma ətrafında əməkdaşlıq formatını yaradan Azərbaycandır. Çox güman ki, “3+3” formatında növbəti görüş Azərbaycanda keçirilə bilər. Görünür bu,  2026-cı ilin ilk aylarında baş tuta bilər. Belə görüşlərin keçirilməsi üçün konkret məsələlər protokol qaydasında razılaşdırılmalıdır. Diplomatların diqqətinin hansı predmetlər üzərinə fokuslanacağı dəqiqləşdirilməlidir. Azərbaycanın bu formatla bağlı konkret gündəmi var, mövqeyimiz artıq formalaşdırılıb. Xüsusilə, Ermənistandan Azərbaycanda keçiriləcək görüşdə iştirakla bağlı müsbət siqnallar alındığını nəzərə alsaq, düşünürəm ki, bütün diqqət Zəngəzur dəhlizi və oradakı kommunikasiyaların açılması məsələsinə yönələcək. Bu məsələ ətrafında mövqeyin dəqiqləşdirilməsi üçün isə dəhlizlə bağlı bəzi məsələlər aydınlaşdırılmalıdır. Yəni ABŞ-Ermənistan şirkətinin yaradılması, bəlkə üçüncü tərəflərin cəlb olunması, görüləcək işlərlə bağlı ilkin layihələrin aparılması, maliyyə tutumunun  hesablanması kimi məsələlərə, ən əsası isə dəhlizdən hansı kommunikasiyaların keçəcəyinə aydınlıq gətirilməlidir. Əks təqdirdə, kommunikasiyalar konkret sadalanmasa, yəni avtomobil, dəmiryolu, enerji kommunikasiyası paralel eyni coğrafiyadan keçməsə, “3+3” formatının gündəmini müəyyənləşdirmək çətin  olacaq. Bu məsələlərin əksəriyyəti Ermənistandan asılıdır. Ancaq Ermənistanın qısa müddətdə bu məsələlərlə bağlı konkret mövqe müəyyənləşdirəcəyini proqnozlaşdırmaq həddindən artıq optimizm olar. Görünür, önümüzdəki bir neçə ay ərzində tərəflər belə bir görüşün keçirilməsinə hazır ola bilərlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR