ABŞ Konqresi 2026-cı maliyyə ili üçün ölkənin hərbi büdcəsini təsdiq edib. Pentaqona rekord həcmdə – 901 milyard dollar məbləğində maliyyə ayrılacaq.
Müqayisə üçün deyək ki, ABŞ-nin 2025-ci maliyyə ilinin hərbi büdcəsi 884 milyard dollar təşkil edib. Qanun layihəsinə 77 senator lehinə, 20 senator isə əleyhinə səs verib. Hərbi büdcəni dekabrın 10-da Nümayəndələr Palatası da dəstəkləyib. Sənəd ABŞ prezidenti Donald Trampın imzasına göndərilib. Ağ Ev sahibinin hərbi büdcəni təsdiq edəcəyi gözlənilir.
Bəs rekord hərbi büdcə yeni müharibələrə hazırlıqdır?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Donald Tramp Konqresdən hərbi xərclərə 892,6 milyard dollar ayırmağı xahiş etmişdi. Yeni büdcə ABŞ prezidentinin təklifindən sadəcə 8 milyard dollar çoxdur. Ayrılan məbləğ Pentaqonla yanaşı, müdafiə və təhlükəsizliklə bağlı digər agentlik və proqramların maliyyələşdirilməsini də ehtiva edir. Hərbi büdcənin rekord həcmə çatması beynəlxalq aləmdəki gərginliklərlə, o cümlədən Rusiya-Ukrayna müharibəsiylə əlaqəlidir. Konqresin qəbul etdiyi layihə 2026-cı ildə Ukraynaya dəstək üçün 400 milyon dollar ayrılmasını nəzərdə tutur".
Politoloq qeyd edib ki, Ağ Ev administrasiyası hərbi texnikanın satışından gəlirləri artırmaq yolları barədə də düşünür:
"Keçmiş illərdən fərqli olaraq ABŞ Ukraynaya pulsuz silah və hərbi texnika vermir. ABŞ hərbi texnikanı Avropa ölkələrinə satır, onlar isə öz növbəsində həmin silahları Ukraynaya göndərirlər. Bundan başqa, ABŞ Tayvana 11 milyard dollarlıq silah satışını planlaşdırıb. Bu, ABŞ tarixində Tayvana ən böyük silah satışı olacaq.
"Bloomberg" agentliyinin məlumatına görə, müqaviləyə ümumi dəyəri 4,05 milyard dollar olan HIMARS çoxməqsədli raket sistemlərinin, o cümlədən 4 milyard dollarlıq özüyeriyən haubitsaların tədarükü daxildir. Donald Tramp çinli həmkarı Si Cinpinlə dialoqu davam etdirməklə yanaşı, Pekinin Çinə birləşdirməyə çalışdığı Tayvan adasının hərbi gücünün artırılmasında da iştirak edir".
Elxan Şahinoğlu xatırladıb ki, Tramp administrasiyası artıq ikinci dəfədir ki, Tayvana silah satışına razılıq verib:
"2010-cu ildən bu yana ABŞ Tayvana 49 milyard dollar civarında silah və hərbi texnika satıb. Tayvan 2026-2033-cü illərdə silah və hərbi texnikanın alışına 40 milyard dollar xərcləməyi planlaşdırıb. Tayvanın hərbi gücünü artırmağa baxmayaraq, Çin bu adaya hakim olmaq planlarından imtina etməyib. Çin Tayvan ətrafında hərbi təlimlərinin sayını artırıb. Pekin Vaşinqtonun Tayvana silah satışını pisləyib. ABŞ və Çin iqtisadi mövzularda razılıq əldə edə bilsə də, təhlükəsizlik sahəsində ortaq məxrəcə gələ bilməyəcək".
Xalidə Gəray
Musavat.com






