Yaxın Şərqdə barıt çəlləyi partlamaq üzrədir.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ətrafında İranla bağlı hərbi və diplomatik qarşıdurma kəskinləşib. "Axios" nəşrinin yaydığı məlumata görə, respublikaçı senator Lindsi Qrem Prezident Trampa sərt müraciət edərək, onu İrana zərbə endirmək planından geri çəkilməməyə çağırıb.
Senator Qrem bildirib ki, Trampın ətrafındakı bəzi şəxslər onu hərbi əməliyyatdan yayındırmağa çalışırlar. Lakin senatorun fikrincə, bu cür çağırışlar fəaliyyətsizliyin doğuracağı fəlakətli nəticələri nəzərə almır: "Mən yeni bir genişmiqyaslı əməliyyatla bağlı narahatlıqları anlayıram, lakin şəri cəzasız qoymağın riskləri daha böyükdür".
Mənbələrin bildirdiyinə görə, Pentaqon Trampa müxtəlif hərbi ssenarilər təqdim edib. Bu planlar arasında ən sensasion olanı İranın ali lideri Ayətullah Əli Xameneinin, onun oğlu Müctəba Xameneinin və ölkənin ali dini rəhbərliyinin birbaşa hədəf alınmasıdır. Ağ Ev hələlik son qərarı verməsə də, hərbi variantlar "an məsələsi" kimi masada saxlanılır.
Hazırda ABŞ-ın bölgədə iki aviadaşıyıcı qrupu (USS Abraham Lincoln və USS Gerald R. Ford) və yüzlərlə döyüş təyyarəsi döyüş hazırlığı vəziyyətindədir. Bəzi müşavirələr bu gücdən Tehrandan nüvə güzəştləri qoparmaq üçün təzyiq rıçağı kimi istifadə etməyi, zərbəni isə təxirə salmağı təklif edirlər.
Lakin senator Qrem və bir qrup şahinlər qrupu hesab edir ki, diplomatik manevrlər artıq özünü tükədib və qətiyyətli hərbi müdaxilə qaçılmazdır.
Musavat.com






