Böyük Britaniya hələ ABŞ-a öz hərbi bazalarından İrana qarşı hava hücumlarında istifadə etmək üçün icazə verməyib.
Musavat.com Sky News və The Times-a istinadən xəbər verir ki, Britaniya hökuməti ABŞ-ın Qlosterşirdəki Dieqo Qarsiya və RAF Ferforddakı birgə bazadan istifadə etmək üçün müraciətlərini təsdiqləməkdən çəkinir.
Mövcud müqavilələrə əsasən, Pentaqon bu obyektlərdən yalnız Londonun əvvəlcədən razılığı ilə hərbi əməliyyatlara başlaya bilər. Bildirilir ki, gecikmənin əsas səbəbi Böyük Britaniyanın belə bir missiyanın beynəlxalq hüququ poza biləcəyi ilə bağlı narahatlıqlarıdır.
Bu təmkinliliyə görə ABŞ prezidenti Donald Tramp Britaniyanın Baş naziri Keyr Starmeri tənqid edib və Çaqos adalarının Mavrikiyə verilməsi ilə bağlı razılaşmanı təsdiqləməkdən imtina edib.
Donald Tramp bildirib ki, İranla bağlı qərar növbəti on gün ərzində veriləcək - bu, ya nüvə proqramı ilə bağlı sülh müqaviləsi, ya da hərbi əməliyyatların başlanması ola bilər.
TruthSocial sosial media platformasında Amerika lideri birbaşa Britaniyanın strateji obyektlərinə giriş ehtiyacına işarə edib: "Əgər İran razılaşmaya getməmək qərarına gələrsə, ABŞ çox qeyri-sabit və təhlükəli bir rejimin potensial hücumunun qarşısını almaq üçün Dieqo Qarsiyadan və Fairfordda yerləşən aerodromdan istifadə etməli ola bilər".
O, həmçinin əlavə edib ki, ABŞ müttəfiqini müdafiə etməyə hazırdır, lakin London qətiyyət göstərməlidir: "Biz həmişə Birləşmiş Krallıq uğrunda döyüşməyə hazır, istəkli və qadir olacağıq, lakin onlar terrorizm və digər çətinliklər qarşısında güclü qalmalıdırlar".
Hücumda iştirak etməkdən imtina etməsinə baxmayaraq, Birləşmiş Krallıq İranın cavab zərbələri halında öz təhlükəsizliyini gücləndirir. Belə ki, Kral Hərbi Hava Qüvvələri regional maraqları qorumaq üçün Kiprə altı F-35 qırıcı təyyarəsi və Qətərə dörd Tayfun təyyarəsi göndərib.
Musavat.com






