ABŞ-da modernləşdirilmiş Boeing 757-200 təyyarəsi növbəti sınaq uçuşlarına başlayıb.
Musavat.com xəbər verir ki, “Excalibur” adlandırılan uçan laboratoriya bu dəfə tamamilə yeni burun radar örtüyü və əlavə sensor sistemləri ilə havaya qalxıb.
Əvvəllər müxtəlif aviaşirkətlərdə sərnişin təyyarəsi kimi istifadə olunan layner 2024-cü ilin sonunda modernləşdirmənin ilk mərhələsini tamamlamışdı və qısa uçuş proqramı həyata keçirmişdi. Həmin vaxt təyyarənin ön hissəsində gövdənin hər iki tərəfində və alt hissəsində yerləşən üç aerodinamik örtük quraşdırılmışdı.
Yeni mərhələdə isə konstruksiya daha da genişləndirilib: burun hissəsinə iri radar örtüyü əlavə olunub, onun altında yeni sensor bölməsi yerləşdirilib, həmçinin gövdənin arxa hissəsində əlavə örtük quraşdırılıb. Bundan başqa, əvvəlki alt örtük üzərində də yeni elementlər inteqrasiya edilib.
Mütəxəssislərin diqqətini çəkən məqamlardan biri də təyyarənin alt hissəsində açıq vəziyyətdə görünən RAT turbini olub. Bu qurğu normalda yalnız mühərrik nasazlığı zamanı fövqəladə enerji təmin etmək üçün istifadə edilir və uçuş zamanı açıq qalması nadir hal hesab olunur.
Ekspertlər hesab edir ki, platformada radar, radio-elektron kəşfiyyat və elektron müharibə texnologiyalarının sınaqları aparılır. Bu tip uçan laboratoriyalar gələcək hərbi və xüsusi təyinatlı sistemlərin real uçuş şəraitində yoxlanılması üçün istifadə olunur.
Musavat.com






