Afrika Buynuzu adı verilən Somalidə baş verən son hadisələr regionu böyük geosiyasi toqquşma ehtimalı ilə qarşı-qarşıya qoyub.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetində maraqlı yazı dərc olunub.
Qəzetin verdiyi xəbərə əsasən, İsrail mərkəzli “Srugim” nəşrinin iddiasına görə, İsrailin Somalini müstəqil dövlət kimi tanımasından sonra Türkiyənin bölgədə atdığı addımlar Təl-Əviv rəhbərliyini hədəfə ala biləcək yeni regional gərginlik ehtimalını gündəmə gətirib. Yazıda Ankaranın Somalidəki hərbi fəallığının İsrailin Afrika Buynuzundakı strateji planlarını risk altına sala biləcəyi irəli sürülür.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu bir neçə həftə əvvəl Somalidən ayrılaraq müstəqilliyini elan edən Somaliləndi rəsmi şəkildə tanıdıqlarını açıqlayıb.
Bildirilir ki, Somalilənd İsrail üçün Afrika Buynuzu və Qırmızı dənizə birbaşa çıxış imkanı verən mühüm müttəfiq mövqeyindədir.
Xəbərdə iddia olunur ki, İsrailin tanıma qərarından sonra Türkiyə bölgədə diqqətçəkən hərbi hərəkətlilik başladıb. Ankaranın Somaliyə böyük miqdarda müasir hərbi texnika göndərdiyi və bu qüvvələrin Somalilənd ərazisinə nisbətən yaxın bölgələrdə yerləşdirildiyi irəli sürülür.
Atılan addımların mahiyyəti ilə bağlı konkret məlumat olmadığı, bu yerləşdirmənin yalnız çəkindirici məqsəd daşıyıb-daşımadığı məsələsinin isə qeyri-müəyyən qaldığı qeyd edilir.
Yazıda Afrikadakı bəzi dairələrin qiymətləndirmələrinə də yer verilir. Həmin mənbələrə görə, Somaliləndi “tamamilə aradan qaldırmağa” yönəlmiş genişmiqyaslı hərbi əməliyyat ehtimalı müzakirə olunur. Həmçinin qitədə Somalilənd sərhədlərinə qonşu digər ölkələrdə də əlavə hərbi qüvvələrin yerləşdirildiyi iddia edilir.
Məlumata əsasən, əgər bu proseslər İsrailin ən yeni müttəfiqinə qarşı müharibə hazırlığının tərkib hissəsidirsə, bu, İsrailin bölgədəki mövqeyi üçün ciddi nəticələr doğura bilər.
Məqalədə bildirilir ki, Türkiyənin Somalilənd əleyhinə mümkün hərbi əməliyyatı yalnız iki ölkə ilə məhdudlaşmayacaq, daha geniş diplomatik proseslərə təsir göstərə bilər. Belə bir addım İsraillə normallaşmanı nəzərdən keçirən ölkələr üçün mesaj xarakteri daşıya və İsrailin strateji genişlənmə və normallaşma səylərinə zərər vura bilər.
Qeyd edək ki, Benyamin Netanyahu 26 dekabr 2025-ci ildə Somalilənd bölgəsini “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını elan etmişdi.
Somalilənd 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını bəyan etsə də, bu günədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb.
Musavat.com






