Ukrayna üçün yeni təhlükəsizlik modeli NATO üzvlüyünü əvəzləmir, ancaq onu faktiki olaraq, imitasiya edir, ABŞ gələcək hərbi-siyasi riskləri birbaşa Avropa Birliyinin üzərinə yükləyir... Avropa Birliyi isə öz mövcudluq dövründə ilk dəfə olaraq, real hərbi-siyasi məsuliyyət ehtimalı ilə üz-üzə qalıb, Ukraynaya indi suverenliyin formal qorunması ilə ərazi və təhlükəsizlik arasında ağrılı balans təklif olunur...
Ukrayna savaşı ətrafında siyasi-diplomatik proses yeni, daha sərt və eyni zamanda, daha praqmatik mərhələyə qədəm qoyur. Tramp administrasiyasının rəsmi Kiyev üçün irəli sürdüyü təhlükəsizlik zəmanətləri paketi faktiki olaraq, NATO nizamnaməsinin 5-ci maddəsinin məntiqini xatırlatsa da, klassik alyans üzvlüyündən kənar, hüquqi və siyasi baxımdan, fərqli mexanizm üzərində qurulub. Qərb mətbuatının məlumatına görə, burada əsas məsələ ABŞ Konqresinin təsdiqini tələb edən və hüquqi cəhətdən məcburi qüvvəyə malik olacaq ikitərəfli və çoxtərəfli təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, bu yeni təhlükəsizlik təminatı modeli Ukraynanın NATO-ya birbaşa tamhüquqlu üzvlüyünü nəzərdə tutmur və ABŞ-ı avtomatik, müddətsiz hərbi müdaxilə öhdəliyinə də bağlamır. ABŞ üçün əsas məqsəd Ukraynanın təhlükəsizliyini təmin edərkən, Rusiya ilə birbaşa hərbi toqquşma risklərini və ölkədaxili siyasi məsuliyyəti minimuma endirməkdir. Və bu təhlükəsizlik zəmanətləri paketinin Ukrayna siyasi dairələrini tam təmin etdiyini iddia etmək isə hələlik çox çətindir.

Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin son manevrləri rəsmi Kiyevin mövcud təkliflərdən o qədər də məmnun olmadığını göstərir. Belə ki, prezident Volodimir Zelenski ABŞ və Avropa Birliyindən real və icraedici təhlükəsizlik zəmanətləri qarşılığında Ukraynanın NATO üzvlüyü tələbindən imtina etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Və bu, əslində, rəsmi Kiyevin uzun müddətdir ki, davam edən maksimalist mövqeyindən taktiki olaraq, nisbətən geri çəkilmə niyyəti kimi də dəyərləndirilə bilər.
Prezident Volodimir Zelenskinin bu mesajından belə aydın olur ki, rəsmi Kiyev formal üzvlük deyil, Ukrayna üçün faktiki kollektiv müdafiə mexanizminə ehtiyac duyur. Rəsmi Kiyev ABŞ-la ikitərəfli, Avropa ölkələri, Kanada və Yaponiya kimi tərəfdaşlarla isə çoxtərəfli şəkildə müzakirələrdə Ukraynaya NATO nizamnaməsinin 5-ci maddəsini eynilə təkrarlayan təhlükəsizlik təminatlarının verilməsini tələb edir. Və bu yanaşma Zelenski hakimiyyətinin Ukraynanın təhlükəsizlik arxitekturasını NATO-dan kənar, ancaq bu hərbi-siyasi alyansla paralel bir sistemə bağlamaq cəhdi kimi görünür.
Maraqlıdır ki, Qərb mətbuatının iddialarına görə, ABŞ və Ukrayna arasında aparılan danışıqların əsas “düyün nöqtəsi” məhz ərazi məsələsi ilə birbaşa bağlıdır. Tramp administrasiyası rəsmi Kiyevi Rusiya ilə ən qısa zamanda razılaşma imzalamaq məcburiyyətində buraxmaq istəsə də, Zelenski hakimiyyəti üçün təhlükəsizlik zəmanətləri olmadan hər hansı ərazi güzəşti hərbi-siyasi intihara bərabərdir. Belə ki, məlumatlara görə, ABŞ Ukraynadan Donetsk vilayətinin bütün ərazisindən qoşunların çıxarılmasını tələb edib. Rəsmi Kiyev isə bu tələbi qəti şəkildə geri çevirib. Və bu, onu göstərir ki, Ağ Ev üçün savaşın dondurulması və ya mərhələli dayandırılması əsas prioritet olsa da, Ukrayna müharibənin nəticələrinin legitimləşdirilməsini qəbuledilməz hesab edir.

Digər tərəfdən, Avropa Birliyində hesab edirlər ki, əgər, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin arxasında NATO olmayacaqsa, onda başqa alternativ real qüvvəyə ehtiyac yaranacaq. Avropa Birliyi diplomatiyasının ali təmsilçisi Kaya Kallasın son bəyanatı isə Brüsselin üzləşdiyi dilemmanı açıq şəkildə ortaya qoyur. Yəni, əgər, Ukraynanın NATO-ya üzvlüyü gündəmdən çıxarılırsa, onda Avropa Birliyi rəsmi Kiyevə kağız üzərində deyil, məhz real hərbi iştirakla təhlükəsizlik zəmanətləri verməlidir. Və bu, Avropa Birliyinin son vaxtlara qədər yayınmağa çalışdığı hərbi-siyasi məsuliyyəti artıq birbaşa öz üzərinə götürməyə hazır olması deməkdir.
Məsələ ondadır ki, Ukrayna KİV-lərinin yaydığı Avropa Birliyinin planı məzmun etibarilə bu istiqamətdə ciddi niyyətləri biruzə verməkdədir. Belə ki, Brüsseldə rəsmi Kiyevə daimi hərbi dəstəyi və sülh dövründə Ukrayna ordusunun say tərkibinin 800 min nəfər səviyyəsində saxlanılmasını vacib hesab edirlər. Eyni zamanda, “istəkli ölkələr koalisiyası” çərçivəsində Avropa Birliyinin rəhbərliyi altında çoxmillətli hərbi qüvvələrin Ukrayna ərazisində mümkün yerləşdirilməsi nəzərdə tutulur. ABŞ-ın rəhbərliyi və beynəlxalq təmsilçilərin iştirakı ilə atəşkəsə nəzarət mexanizminin yaradılması təklif olunur.
Bütün bunlara paralel olaraq, Ukraynanın bərpasına investisiyalar və Rusiya aktivlərinin Avropa Birliyi məkanında dondurulmuş vəziyyətdə saxlanılması nəzərdə tutulur. Gərginlik yaranacağı halda hərbi, kəşfiyyat, iqtisadi və siyasi-diplomatik cavab mexanizmləri, Ukraynanın Avropa Birliyi üzvlüyünə siyasi dəstəyin verilməsi təklif olunur. Və bu plan əslində, Avropa Birliyinin ilk dəfə olaraq, Ukraynanı təhlükəsizlik baxımından, faktiki protektorat kimi qəbul etməyə hazırlaşdığını da göstərir.

Ancaq ABŞ-ın ön plana çəkdiyi mövcud realizm faktoru və Ağ Evin rəsmi Kiyevə qarşı ultimativ ritorikası Avropa Birliyinin təklif etdiyi plan qarşısında ən ciddi əngəl hesab olunur. Prezident Donald Trampın Ukraynaya xitabən “onlar artıq əraziləri itiriblər” açıqlaması Ağ Evin mövqeyindəki realizmi açıq şəkildə nümayiş etdirir. Belə ki, hazırda ABŞ üçün əsas prioritet Ukrayan savaşının yenidən qlobal miqyas alma təhlükəsinin yaranmasına imkan verməməkdir. Və Ağ Evin təklif etdiyi təhlükəsizlik zəmanətləri də məhz elə bu kontekstdə yeni eskalasiyanın qarşısını alan vasitə kimi nəzərdə tutulur.
Ona görə də, Tramp administrasiyası “ultimatum” üslubunda rəsmi Kiyevdən ya ABŞ-ın təqdim etdiyi “platin standart” təhlükəsizlik zəmanətlərinin qəbul olunmasını, ya da bu fürsətin tamamilə itirilməsi arasında prinsipial seçim tələb edir. Üstəlik, Ağ Ev bu modeli həm Ukrayna, həm də Avropa Birliyi üçün strateji qələbə kimi də təqdim etməyə çalışır. Və bütün bunlar onu göstərir ki, Ukrayna ətrafında istənilən halda, yeni təhlükəsizlik modeli formalaşması qaçılmazdır.
Belə anlaşılır ki, Ukrayna üçün yeni təhlükəsizlik modeli NATO üzvlüyünü əvəz etmir, ancaq onu faktiki olaraq, imitasiya edir. ABŞ gələcək hərbi-siyasi riskləri birbaşa Avropa Birliyinin üzərinə yükləyir. Avropa Birliyi isə öz mövcudluq dövründə ilk dəfə olaraq, real hərbi-siyasi məsuliyyət ehtimalı ilə üz-üzə qalıb. Ukrayna üçün bu, suverenliyin formal qorunması ilə ərazi və təhlükəsizlik arasında ağrılı balans deməkdir. Rusiya üçün isə bu model NATO-nun genişlənməsinin alternativ forması kimi qəbul edilə bilər. Və nəticədə, Ukrayna müharibəsi yalnız savaş meydanında deyil, həm də Avroatlantik təhlükəsizlik arxitekturasının tam mərkəzində də artıq yeni mərhələyə keçir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()






