İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin “boz kardinalı”

2364 11.02.2026 08:55 Siyasət A A

Ceyms Di Vens və ABŞ Milli Təhlükəsizlik müşavirinin müavini Endi Beykeri nə birləşdirir?

ABŞ vitse-prezidenti Ceyms Di Vensin Azərbaycana səfəri ərəfəsində onun haqqında “Yeni Müsavat” qəzetinin “Persona” rubrikasında geniş yazı dərc etmişdik. Vens artıq Ermənistandan sonra Azərbaycana gəlib. Elə bu ərəfədə “Politico” nəşri Vensin yaxın silahdaşı, ABŞ milli təhlükəsizlik müşavirinin müavini Endi Beyker haqqında sensasion yazı hazırlayıb.

Nəşrin qeyd etdiyinə görə, Beyker Vensin xarici siyasət baxışlarının və Ağ Evin ən mühüm milli təhlükəsizlik qərarlarının, xüsusilə də ABŞ-nin Avropa müttəfiqləri ilə bağlı siyasətinin formalaşmasında mühüm rol oynayır. Bildirilir ki, Vensin 2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında etdiyi qalmaqallı çıxışın hazırlanmasına da məhz Beyker kömək edib. O, həmçinin ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının hazırlanmasında əsas fiqurlardan biri olub.

Yeri gəlmişkən, Vensin Trampın ətrafındakı “dərin dövlət”in adamı olması ilə bağlı ehtimallar da mövcuddur. Təsadüfi deyil ki, Trampı yaxın keçmişdə faşist adlandıran Vensin hakimiyyətin ikinci şəxsi elan edilməsi hətta Trampın öz tərəfdarları arasında belə ciddi çaşqınlıq yaratmışdı.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfər edəcək

Donald Tramp 15 iyul 2024-cü ildə Vensi rəsmi olaraq vitse-prezidentliyə namizəd elan edərkən bu seçimi ilə bağlı yazırdı:

“Çox düşündükdən və təhlil etdikdən sonra, eləcə də onun bir çox istedadlarını nəzərə alaraq, ABŞ-nin vitse-prezidenti olmaq üçün ən uyğun şəxsin Ohayo ştatının senatoru Vens olduğuna qərar verdim.” Tramp vitse-prezidentliyə namizədin tərcümeyi-halını da qürurla təqdim etmişdi:

“Vens ölkəmizə Dəniz Piyadaları Korpusunda şərəflə xidmət edib, Ohayo Dövlət Universitetini və Yel Hüquq Məktəbini əla qiymətlərlə bitirib”.

“Yeni Müsavat” xatırladır ki, 1984-cü il avqustun 2-də Ohayo ştatının Middltaun şəhərində anadan olan Vensin həyatı asan olmayıb. Valideynləri o, altı yaşında olarkən boşanıblar. Anası tibb bacısı işləyib və reseptlə verilən dərmanlardan istifadə nəticəsində narkotik asılılığı yaranıb. Vens 12 yaşında olarkən anası həbs edilib və o, ana tərəfdən baba və nənəsinin himayəsinə verilib.

Orta məktəbi 2003-cü ildə Middltaun şəhərində bitirdikdən sonra Vens ABŞ Dəniz Piyadaları Korpusunda xidmətə başlayıb. O, orduda dörd il xidmət edib, 2005-ci ildə isə hərbi müxbir kimi İraqa göndərilib və ictimaiyyətlə əlaqələr bölməsində çalışıb. Xidməti başa vurduqdan sonra nümunəvi davranışına və hərbi nailiyyətlərinə görə medallarla təltif olunub.

Sonradan Ohayo Ştat Universitetinə daxil olub və 2009-cu ildə politologiya və fəlsəfə üzrə bakalavr dərəcəsi alıb. 2013-cü ildə isə Yel Hüquq Məktəbini bitirib. Hüquq təhsilini başa vurduqdan sonra ABŞ-nin Apelyasiya Məhkəməsində hüquq katibi kimi çalışıb. Daha sonra bir neçə nüfuzlu hüquq firmasında vəkil kimi fəaliyyət göstərib.

Cey Di Vens Azərbaycana bu tarixdə gələcək

2016-cı ildə uşaqlıqda yaşadığı yoxsulluq və çətinliklərdən bəhs edən “Hillbilli Elegiyası: böhran şəraitində bir ailənin və mədəniyyətin hekayəsi” adlı xatirə kitabını nəşr etdirib. Kitab ABŞ-də böyük rezonans doğuraraq bestsellerə çevrilib. 2020-ci ildə kitab əsasında Ron Hovardın rejissorluğu ilə eyniadlı film çəkilib.

Seçki kampaniyası zamanı Vens Trampın oğlunun və İlon Maskın dəstəyini qazanıb. 20 yanvar 2025-ci ildə Ceyms Di Vens and içərək ABŞ-nin vitse-prezidenti olub.

Vensin siyasi çəkisinin artdığı bir vaxtda onun yaxın kadrı haqqında “Politico”nun yazı dərc etməsi diqqət çəkir. Nəşr hətta bildirir ki, Tramp administrasiyasının xarici siyasətini anlamaq üçün Endi Beyker açar fiqurdur.

Inside Trump and Vance's 'buddy level' relationship

Endryu Kollison Beyker 1980-ci il mayın 22-də Kaliforniya ştatının Sonoma şəhərində anadan olub və San-Fransiskoda böyüyüb. Kaliforniya Universitetinin (Berkli) tarix fakültəsini bitirib, daha sonra Oksford Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alaraq 2007-ci ildə magistr və doktorluq dərəcələrini əldə edib. Beş il müəllim kimi fəaliyyət göstərib. Beykerin doktorluq dissertasiyası liberal beynəlxalq nizamın formalaşmasına həsr olunub.

2010-cu ildə Beyker diplomatik xidmət əməkdaşı kimi ABŞ Dövlət Departamentində fəaliyyətə başlayıb. O, Əfqanıstanda və NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında çalışıb. 2023-cü ildə Ohayo ştatından senator Ceyms Di Vens Beykeri milli təhlükəsizlik üzrə müşaviri təyin edib.

Bu vəzifədə olduğu müddətdə Beyker Vensi Ukraynaya hərbi yardımın əleyhinə mövqe tutmağa təşviq edib, Rusiya-Ukrayna müharibəsində NATO-nun genişlənməsini əsas səbəblərdən biri kimi qiymətləndirib. 2025-ci ilin yanvarında isə Vens Beykeri rəsmi olaraq ABŞ milli təhlükəsizlik müşavirinin müavini təyin edib.

Upoznajte potpredsjednika Džej Di Vensa - Ambasada SAD Crna Gora

Trampın birinci prezidentlik dövründə Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri olmuş Aleksandr Qrey Beykeri “xarici siyasət intellektualı” kimi xarakterizə edib.

Beyker ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri izləyən yüksək vəzifəli rəsmilər sırasında olub, Yəməndəki hərbi əməliyyatların planlaşdırılmasında, Hindistan-Pakistan münaqişəsinə reaksiyada və Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyasının hazırlanmasında iştirak edib.

“Politico” yazır ki, Beyker ABŞ-nin lazımsız xarici təşəbbüslərinə qarşı çıxır və Ukraynaya geniş hərbi dəstək vermədən Rusiya-Ukrayna münaqişəsinin həllini mümkün sayır. Avropalı rəsmilərdən biri nəşrə bildirib ki, Beyker “Rusiyanın gücünü və təsir imkanlarını həddindən artıq qiymətləndirir”.

2011-ci ildə Beyker doktorluq dissertasiyası əsasında “Müharibədən sonrakı nizamın qurulması: ABŞ hegemonluğunun formalaşması və Soyuq müharibənin mənşəyi” adlı kitabını nəşr etdirib.

Mənbələrin bildirdiyinə görə, Beyker ABŞ xarici siyasətinin Amerika xalqının deyil, daha çox elit maraqların xidmətində olduğuna inanır. Ağ Ev rəsmisi isə qeyd edib ki, “Endi Beyker prezident Trampın milli təhlükəsizlik komandasının vacib üzvüdür və "Amerika birinci" prinsipinə əsaslanan realist xarici siyasətə sadiqdir”.

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR