"Sabah da elə bu gündür, sabah bu günün başqa adıdır"
(Uilyam Folkner, “Qırmızı yarpaqlar”)
Deputat yoldaşlardan Musa müəllim “biz bu gün dünənkindən daha yaxşı yaşayırıq” tipində cümlə səsləndirmişdir, sonra bu fikir qanuna salınmışdır. Zarafat edirəm, hələlik belə qanun yoxdur.
Bəs deputat haqlıdırmı? Yüz faiz. Hətta 500 faiz. Burada iki mühüm detala fikir verməyə borcluyuq. Biz millət olaraq ümumiyyətlə deputatlarımıza borcluyuq, çünki onlar özlərini xalqın yolunda məşələ çevirirlər. Hər dəfə Məclis binasının yanından keçəndə o məşəlin alovunu hiss etmək mümkündür. Bəzi seçicilər deputatlarının istisində çay qaynadır. Bəzi deputatlar ərazidə sakinlər üçün qazanxana rolunu oynayır. Məsələn, İmişlidən bizim qahımlar var, Razi müəllim seçicilərlə görüşə gedəndə onlar hər dəfə gözəl xaş bişirirlər, məni də çağırırlar, Sumqayıtda olduğumdan gedə bilmirəm (bu haqda az sonra). Sən demə, Razi müəllimin alovunda dana ayağı ütmək çox əla alınırmış. Bir dəfə isə Nurullayev Maksim Qorkinin qəhrəmanı Danko kimi ürəyini çıxarıb əlində tutub, Göbəktala kənd sakinlərinin Araz qırağıyla Qaradonluya getməyinə şərait yaratmışdır, çünki gecə vaxtı yolun qırağındakı işıqlar yanmırmış. Lakin indi mövzumuz bu deyil. İki detaldan bəhs edirdik.
Birinci detal odur ki, sayın deputatımız Musa müəllim “biz” deyərkən kimi nəzərdə tutubdur. Adam var, 90-cı illərdə yataqxanada peraşki tapmırdı, indi Məclisin yeməkxanasında basdırmanı ananas soyutması ilə, pitini Napoleon tortuyla, Həkəri forelinin qızartmasını porsuq aşı ilə yeyir.
İkincisi, rəhmətlik Süleyman Dəmirəlin sözü olmasın, “dünən dünəndir, bu gün bu gündür”. "Dəmirəlin məsəlinin söhbətə nə dəxli var" soruşsanız, o zaman məcburam rəhmətlikdən bir əhvalat da nəql eləyim. (Dəmirəl Molla Nəsrəddin kimi personajdır, adını çəkdinsə minimum yeddi lətifəsini danışmağa borclusan). Bir gün, hələ Bolqarıstanda kommunist rejimi vaxtında Türkiyənin oradan elektrik enerjisi almağı ortaya çıxır, müxalifət buna etiraz edir, baş nazir işləyən Dəmirəl deyir: “Elektrikin kommunisti olmur. İkincisi, burada böyüdüləcək bir şey yoxdur, altı ay biz Bolqarıstandan elektrik alacağıq, sonra da altı ay onlar bizə elektrik verəcəklər”. Camaat əl çalır, söhbət bağlanır, dağılışırlar, sonradan kiminsə ağlına gəlir ki, bunların ikisi də axı eyni şey idi.
Bəli, həqiqətən inkişaf vardır, bunu kim görmürsə, özü bilər. Məsələn, təzəlikcə mən Sumqayıta bir məclisə getmişdim, çıxanda Bakıya taksi vurmaq istədim, 40 manata yaxın vəsait göstərdi. Halbuki, sovetin vaxtında biz 40 manata Moskvaya gedirdik. İmperiyanın mərkəzinə. Ancaq, Allaha şükür, artıq müstəqilik, belə səfərlərə ehtiyac və zərurət yoxdur. Ona görə də mən evə piyada qayıtdım, bu yazını da Sarayla Corat arasından yazıram, nə etmək olar, xalqımıza xidmət borcumuzdur.
Taksilərin baha çıxması isə, sən demə, bununla əlaqədardır ki, Bakıda taksi sürənlə Sumqayıtda sürən ayrı olmalıdır. Ora burdan adam aparsan, boş qayıtmalısan və tərsinə. Əlbəttə, çox yaxşı qərardır, Sumqayıtda işsizliyin aradan qalxmasına səbəb olacaqdır. Hələ qərarı daha da inkişaf etdirmək lazımdır, məsələn, Biləcəridə taksi sürən Yasamaldan adam götürə bilməsin, Neftçilər prospekti ilə Azadlıq küçəsinin sürücüləri ayrılsın və sairə.
Ümumiyyətlə, əgər bir adam Sumqayıta gedib çıxıbsa, düzgün adamdırsa, ordan niyə Bakıya qayıtmalıdır? Gözəl, inkişaf etmiş, hər qarışı canlanan şəhərdir. Hətta adama yeşiklə alma da verirlər. Pulsuz. Kommunizm qurulub, xalqın xəbəri yox idi, yazdım, bilin.






