Rusiya istintaqın gedişini süni şəkildə uzadır və Kreml liderinin verdiyi vədlərin icrası gecikir; Bakı-Moskva münasibətlərində yeni böhran gözləntisi
AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında vurulmasının bir ilinin tamamına iki gün qalır. Dekabrın 25-də mülki təyyarəmizdə həlak olanların anım günüdür.
Rusiya prezidenti Vladimir Putin ötən ay Düşənbədə prezident İlham Əliyevə vəd verib ki, cinayəti törədənlər cəzasını alacaq, zərər çəkənlərə təzminat ödəniləcək. Amma hələ ki, Moskvanın “tükü tərpənmir” və belə görünür ki, məsələ uzadılır. Bəzi təhlilçilərin proqnozu isə işin gələn ilə qədər qalacağıdır.
“Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb”.
Bunu dekabrın əvvəlində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Düşənbədə müzakirə edilib. “Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - o əlavə edib.
Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564). Minval Politika-nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB sammitinə getmədi. Analitiklərin fikrincə, Rusiya liderinin verdiyi vədi icra etməsini uzatması dövlət başçısının bu səfərə getməməsinin səbəblərindən biridir. Musavat.com xəbər verir ki, məsələni daha dərindən təhlil etdikdə bu qərarın arxasında AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan–Rusiya münasibətlərində hələ də həllini tapmayan ciddi böhranın dayandığı aydın görünür.
Xatırladaq ki, ötən il AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən mülki təyyarəsinin qəzaya uğraması Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak üçün Sankt-Peterburqa yollandığı vaxta təsadüf etmişdi.
Bununla belə, Rusiyanın Azərbaycan Prezidentinin qərarına münasibəti də kifayət qədər korrekt və ehtiyatlı idi. “Kreml Azərbaycan Prezidenti İlham Əliyevin sıx iş qrafikinə görə Sankt-Peterburqa səfərini ləğv etməsini başa düşür”. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. “Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə davam edir”, - o bildirib.
Ümumiyyətlə, AZAL təyyarəsinin Rusiya səmasında vurulmasının və 38 nəfərin ölümünün ildönümünə sayılı günlər qalmış İlham Əliyevin Peterburqa gedib-getməyəcəyi müzakirə predmeti idi və nə qədər maraqlı da olsa, bu müzakirə Azərbaycanda deyil, Rusiya elitası və mediasında daha ciddi izlənilirdi. Ona görə də Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu yöndən suallara cavab verməli oldu.
Kəsəsi, Bakının tutduğu prinsipial mövqeyə, təyyarə ilə bağlı israrlı tələblərinə, Moskvanın da son dərəcə ehtiyatlı yanaşmasına baxmayaraq, Kreml hələ də kompensasiya ödənilməsi və istintaqın yekunlaşması istiqamətində addımlar atmır.
Bəs Rusiya qatili və ortaqlarını niyə məsuliyyətə cəlb etmir? Putin sözünü tutmaya bilərmi, yoxsa Azərbaycan bu məsələdə bir qədər də gözləmə mövqeyi tutmalıdır?

Elşad Musayev
Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Rusiya lideri Azərbaycan Prezidenti ilə üz-üzə söhbətində obyektiv araşdırma aparılacağını və təzminat ödəniləcəyini bildiribsə, deməli, bundan yayınması özü üçün hörmətsizlik olar: “Bir dövlətin başçısı söz veribsə, onu yerinə yetirməlidir. Ondan əvvəl də Pekində mətbuat konfransında bildirmişdi ki, Azərbaycanla münasibətlərdə problemlər yaranıb, amma həllini tapacaq. Həmin çıxışdan sonra Düşənbədə görüş oldu və hamıda artıq əminlik yarandı ki, Putin vədinə xilaf çıxmaz. Bütün hallarda biz həm Qazaxıstan, həm Rusiyanın araşdırmalarının nəticələrini gözləyirik. Sadəcə, bu hadisədə qaranlıq heç nə yoxdur. Putin təsdiq edib ki, raketin qəlpələri təyyarəyə dəyib. O halda qarşıdakı günlər ərzində təzminat ödənməli, məsuliyyət daşıyanlara cinayət işi açılmalıdır”.
E.Musayev qeyd etdi ki, Rusiya 2026-cı ildə Azərbaycanla münasibətlərin normal davam etməsini istəyirsə, ilin sonuna yaxın əlaqələri yaxşılaşdıran addımlar atmalıdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Rusiyada cinayəti törədən hərbçilər istintaqa cəlb olunmalıdır. Onun sözlərinə görə, bu günə qədər istintaqdan heç bir hərəkətlilik yoxdur və təyyarənin vurulmasında günahı olanlar məsuliyyətə cəlb olunmayıb: “Ona görə də Rusiya İstintaq Komitəsi artıq rəsmi məlumat yaymalıdır. Üstəlik, əvvəldən də bildirilmişdi ki, ilin sonu rəsmi nəticələr elan olunacaq. Lakin biz Rusiya İstintaq Komitəsindən hələ də cavab görmürük. O deməkdir ki, Rusiya prosesi uzatmağa çalışır”.
Hüquq müdafiəçisi qeyd etdi ki, Rusiyanın davranışı Azərbaycanla münasibətlərdə olan problemləri dərinləşdirə bilər: “Rusiya müharibədən iki gün əvvəl Azərbaycanla strateji müttəfiqliyə dair sənəd imzalayıb. Moskva bəyannaməsində götürülən öhdəliklər var. Amma Rusiya müttəfiqliyə yaraşmayan siyasət yürüdür və tutduğu mövqe də nə dostluğa, nə qonşuluğa uyğundur. Bu da Rusiyanın özünü müştəbeh aparmasından irəli gəlir. İstənilən halda, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqları uğrunda sona qədər tələblərini səsləndirməkdə davam edəcək”.
Qeyd edək ki, Varşava (1929) və Monreal Konvensiyaları sərnişinin ölümü, və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, indi ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa 167 min dollar məbləğində kompensasiya verilir.Kompensasiya ödənilərkən daxili uçuşlar və beynəlxalq uçuşlar arasında fərq var. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.
Mülki aviasiya tarixində ən böyük təzminatı isə illər sonra Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ödəməyib. O, 15 il sonra etiraf edib ki, 1988-ci ilin dekabrında “Boeing 747”-nin göyərtəsində baş verən partlayış (270 nəfər həlak olmuşdu) Liviya kəşfiyyat xidmətləri tərəfindən terror hücumu olub. Bu qəzanın qurbanlarının hər birinin ailəsinə 10 milyon dollar verilib.
“Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. Yəni bu məbləğ Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi raketlərin bir neçəsinin toplam qiyməti qədərdir...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






