Generalı Yücel Karauz: “Bu, sərhəd boyunca tqaçqın axını və silahlı şəbəkələrin hərəkəti deməkdir”
ABŞ İrana mümkün hərbi zərbələrlə bağlı qərarı hələlik təxirə salıb. Belə ki, Ağ Evdə və müttəfiqlərlə əlavə məsləhətləşmələr aparılır, vəziyyət diqqətlə qiymətləndirilir.
Bəs mümkün hərbi əməliyyatın vaxtı və effektləri Türkiyənin strateji maraqlarına necə təsir edəcək? İrandakı gərginlik Türkiyəyə miqrasiya, təhlükəsizlik və iqtisadi baxımdan hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan briqada generalı Yücel Karauz Musavat.com-a danışıb.Türkiyəli general qeyd edib ki,Ankara Trampın “hələlik təxirə salma” qərarını ümumən gərginliyin idarə olunması və eskalasiyanın qarşısının alınması üçün pəncərə kimi görür: "Türkiyə İrana qarşı hərbi müdaxiləyə qarşıdır və prioriteti İranın qeyri-sabitləşməsinin qarşısını almaqdır. Əsas məqsəd İranın destabilizasiyasının qarşısını almaq və problemlərin dialoqla həllidir. Bu o deməkdir ki, Ankara üçün İran “uzaq böhran” deyil. Ona görə Türkiyə, ABŞ-İsrail xəttində hərbi variantın seçilməsini regional müharibə riskini artıran addım kimi qiymətləndirir".

Yücel Karauzun fikrincə, Türkiyə üçün risk odur ki, məhdud planlanan zərbə İranın cavabı ilə genişlənə bilər. Yücel Karauz qeyd edib ki, İrana zərbə rejimi ciddi sarsıda bilər və bu, Ankaranın ən çox çəkinəcəyi ssenaridir: "Bu, sərhəd boyunca təhlükəsizlik vakuumu, qaçqın axını, silahlı şəbəkələrin hərəkəti deməkdir. Türkiyənin “destabilizasiya olmasın” xəttinin mərkəzi də budur. İranda qeyri sabitlik Türkiyə üçün risklər deməkdir. Sərhəd keçidləri və qeyri-qanuni miqrasiya artar, Türkiyənin sərhəd bölgələrində sosial xidmətlər və təhlükəsizlik yükü yüksələr.
İkincil miqrasiya dalğası, yəni İrandan çıxanların bir hissəsinin Avropa istiqamətlənməsi Türkiyəni tranzit ölkə kimi daha çox təzyiq altında qoya bilər.
![]()
Təhlükəsizlik risklərinə gəldikdə, sərhəd xəttində sabitliyin zəifləməsi qaçaqmalçılıq, silah və narkotik marşrutlarını genişləndirə bilər. Proksi qrupların aktivləşməsi və bölgədə “qisas zərbələri” ehtimalı - İraq-Suriya xəttində gərginliyin artması Türkiyənin daxili təhlükəsizlik gündəmini ağırlaşdırar. Bu riskin artdığına dair bölgədə hərbi hazırlıq və geriçəkmə addımları barədə məlumatlar var.
İqtisadi risk dedikdə isə gərginlik artdıqca neft-qazda qiymət dalğalanması, daşıma xərcləri yüksələ bilər. Həmçinin İranla sərhəd ticarəti, region tranziti və maliyyə kanalları zərbə alar; qeyri-müəyyənlik investisiya iştahasını azaldar. Nəticə olaraq, Türkiyə Trampın qərarı təxirə salmasını müsbət siqnal kimi oxuyur, çünki Ankara üçün “ən pis nəticə” təkcə zərbənin özü yox, onun doğura biləcəyi destabilizasiya və zəncirvari regional eskalasiyadır. Bu səbəbdən Türkiyənin xətti müdaxiləyə yox, dialoqa sabitliyin qorunması birinci prioritetdir".
Xalidə Gəray
Musavat.com






