İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar rayonlarda işsizliyin səbəbi nədir?

1030 26.11.2025 09:56 Sosial A A

Mövcud mənzərə göstərir ki, səbəb təkcə iş yeri çatışmazlığı deyil, həm də regionların qeyri-bərabər inkişafının nəticəsidir

Aqrar rayonlarda işsizlik uzun illərdir mövcud olan struktur problemlərin, səmərəsiz təsərrüfat modelinin və qeyri-bərabər regional inkişafın nəticəsidir. Dövlət Statistika Komitəsinin 2025-ci ilin oktyabr ayı üzrə açıqladığı rəqəmlər bu gerçəyi bir daha təsdiqləyir - ölkədə 1 milyon 781,4 min nəfər muzdla çalışan olsa da, rəsmi qeydiyyata düşmüş işsizlərin sayı 236 429 nəfərə çatıb. Daha düşündürücü fakt isə işsizliyin paytaxtdan sonra ən çox məhz aqrar rayonlarda - Ağdam, Bərdə, Şəmkir, Cəlilabad, Tovuz, eləcə də Quba, Göyçay, Şəki, Lənkəran və Zaqatalada qeydə alınmasıdır. Kənd təsərrüfatı ilə dolanan bölgələrdə işsizliyin bu qədər yüksək olması problemin dərinliyindən xəbər verir. Statistikada qadınların 50,9 faizlə üstünlük təşkil etməsi isə regionlarda qadın əməyinin hələ də lazımi qədər qiymətləndirilmədiyini göstərir.

Rəsmi məlumata görə, 2025-ci ilin doqquz ayında ölkədə 77,7 min yeni iş yeri açılıb. Amma bu iş yerlərinin 75,9 faizinin Bakının payına düşməsi bölgələrin real vəziyyətini ortaya qoyur. Regionların ümumi payı 23,3 faizdir və bu göstərici aqrar rayonların məşğulluq problemini kompensasiya etməyə yetmir. Abşeron-Xızı iqtisadi rayonuna 7,2 faiz, Quba-Xaçmaza 2,7 faiz, Şəki-Zaqatalaya 2,7 faiz, Qarabağa 2,4 faiz, Lənkəran-Astara zonasında isə cəmi 1,2 faiz yeni iş yeri düşməsi kənd təsərrüfatı bölgələrinin inkişafdan geri qaldığını nümayiş etdirir.

Aqrar sahənin özündə də ciddi struktur boşluqlar var. Əvvəla, kənd təsərrüfatı mövsümi sahədir və ildə bir neçə ay davam edən iş qrafiki yaşayış üçün yetərli gəlir qazandırmır. Torpaq islahatları nəticəsində formalaşan xırda təsərrüfatlar böyük istehsal gücünə çevrilə bilmir, əmək tələbi minimum olur. Çox zaman ailə təsərrüfatı öz işçi tələbatını özü ödəyir, əlavə işçi qüvvəsinə ehtiyac yaranmır. Digər yandan, aqrar rayonlarda emal sənayesinin zəif inkişaf etməsi böyük problemə çevrilib. Çoxlu çiy məhsul istehsal olunur, amma həmin məhsulu qəbul edən, emal edən, qablaşdıran müəssisələr yoxdur. Emal sənayesinin yoxluğu həm məhsulun dəyərini aşağı salır, həm də əlavə iş yerlərinin yaranmasının qarşısını alır.

Kreditlərə çıxışın çətinliyi, iri təsərrüfatların, müasir fermaların azlığı, logistika və infrastruktur problemləri - bütün bunlar aqrar rayonlarda iş yerlərinin məhdud olmasının əsas səbəbləridir. Bir çox kənddə hələ də suvarma sistemi köhnədir, yollar bərbad vəziyyətdədir, istehsalçı məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Gənclərin rayonlardan şəhərə axını da məşğulluq balansını daha da pozur. Kənddə gəlir imkanları məhdud olduğundan gənclər Bakıya və ya digər şəhərlərə üz tutur, geridə iş yerləri deyil, boş qalan təsərrüfatlar qalır.

Başqa bir diqqətçəkən məqam - hökumətin işsizliklə bağlı sosial öhdəliklərinin artmasıdır. İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi 266,4 milyon manat müəyyən edilib və bunun 28 milyon manatı işsizlik sığortası ödənişlərinə ayrılıb. Bu, əvvəlki illə müqayisədə 65 faiz artım deməkdir. Dövlətin sosial yükü artır, amma aqrar rayonlarda işsizlik probleminin kökü hələ də aradan qalxmır.

Mövcud mənzərə göstərir ki, aqrar rayonlarda işsizliyin səbəbi təkcə iş yeri çatışmazlığı deyil - bu, illərlə yığılan struktur problemlərin, planlaşdırma çatışmazlığının, emal sənayesinin zəifliyinin, biznes mühitinin məhdudluğunun və regionların qeyri-bərabər inkişafının nəticəsidir. Yeni iş yerləri əsasən paytaxtda açıldığı müddətcə, kənd təsərrüfatı isə yalnız çiy məhsul istehsalına əsaslandıqca aqrar rayonlarda işsizlik azalmayacaq - əksinə, hər il bir qədər də dərinləşəcək. 

İqtisadçı Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, aqrar rayonlarda işsizliyin son həddə olması bu yerlərinin əhalisinin Bakıya köçünə səbəb olub. Onun sözlərinə görə, insanlar iş axtarmaq məqsədilə böyük şəhərlərə axın edir: “Azərbaycanın dövlət büdcəsi gəlirlərinin və ixracatın  90 faizi Abşeron yarımadası və onun ətrafında formalaşır. Bunun obyektiv səbəbi odur ki, Azərbaycanda iqtisadiyyatın 70-80 faizi neftdən asılıdır. Bu isə öz növbəsində Abşeron yarmadası ətrafında cəmləşib. Bu, obyektiv səbəbdir və dəyişə biləcəyimiz bir şey deyil. Məsələ burasındadır ki, hökumət bu səbəbi aradan qaldırmaq üçün subyektiv iqtisadi siyasətə malik olmalıdır. Məsələn, Qaradağ Sement Zavodu alman şirkəti tərəfindən rekonstruksiya olunmalı və yerində yeni zavod tikilməli idi. Almanlar köhnə zavodun yerində niyə yeni zavod tikməli idi ki?! Hökumət almanları təşviq edərək bildirməli idi ki, əlavə dotasiya verir və bu zavodu Daşkəsəndə tiksin. Eyni material orada da var. Biz Ələtdə və azad olunmuş rayonlarımızda azad iqtisadi zona yaradırıq. Belə olan halda iqtisadi baxımdan inkişafdan geri qalan rayonlarımız haqqında niyə düşünmürük? Məsələn, İranla, Gürcüstanla, Rusiya ilə həmsərhəd olan ərazilərimizdə azad iqtisadi zona yaratmaq olar. Bu inteqrasiya nəticəsində regionların iqtisadiyyatı inkişaf edə bilər. Sərhədyanı ərazilər üçün siyasət bundan ibarət olmalıdır”. 

Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı -  Editor.az

Akif Nəsirli 

İqtisadçının sözlərinə görə, mərkəzi aran rayonlarında əhali daha çox kənd təsərrüfatı ilə məşğuldur. Ekspert bildirir ki, hələ sovet dönəmində Azərbaycan əhalisinin 60 faizindən çoxu təsərrüfat hesabına dolanıb: “Əhalini yenidən kənd təsərrüfatı ilə məşğul olmağa stimullaşdırmaq lazımdır. Dünya təcrübəsi var, hər 18-20 min kənd təsərrüfatı ilə məşğul olan əhaliyə bir emal zavodu və ya bir neçə emal sexi olmalıdır. Məsələn, götürək 100 mindən çox əhalisi olan İmişli rayonunu. Həmin rayonda 5 emal sexi görə bilərikmi? Və ya Beyləqana nəzər salaq, 80 min əhalisi var. Orada biz 4 ədəd emal zavodu göstərə bilmərik. Hərəsində bir və ya iki ədəd zavod olar. 

İmişlidə qənd istehsalı ilə məşğul olan İmişli Şəkər Zavodu var. Azərbaycanın bu istehsala böyük tələbatı var. Onun xammalını niyə biz ətraf rayonlarda becərmirik? Əksinə, yarımfabrikat şəklində xaricdən alırıq. Zavodun emal etdiyi məhsulun 80-90 faizi xaricdən idxal olunan yarımfabrikat xammal əsasında istehsal olunur.  

Zavod ilkin mərhələdə işləyən zaman ətraf rayonlarda çoxlu çuğundur əkildi. Hətta Beyləqanda, Ağcabədidə, yaxın olan Biləsuvarda çuğundur əkildi və həmin zavoda təhvil verildi. Lakin sonradan əhalinin qarşısı alındı və bu dayandırıldı. İnsanlardan çuğunduru alıb, illərlə pulunu vermədilər. Sanki iqtisadiyyatın qəsdinə durmuşdular ki, əhali əkməsin və xaricdən alınsın. 

Bir sözlə, hökumət iqtisadi siyasəti elə qurmalıdır ki, iqtisadiyyat bütün ölkəyə yayılsın. Ölkədə bir neçə regionun iqtisadi inkişafı proqramı həyata keçirildi. Ancaq bu proqramlar çərçivəsində sadaladığımız addımlar atılmadı, heç bir zavod da tikilmədi. Asfalt salında, yol çəkildi, bir sözlə, kosmetik işlər görüldü. Lakin bu, iqtisadiyyat deyil. Halbuki həmin proqramlara ayrılan vəsaitlər hesabına regionların iqtisadiyyatı dirçəlməli idi". 

Natiq Cəfərli: “Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə  gəlib” – FOTO

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli isə problemin kökündə idarəetmə və investisiya mühiti ilə bağlı sistemli çatışmazlıqların dayandığını bildirir: “Bölgələrdə iqtisadi fəallığın yaranması üçün dövlətin zavod tikməsinə ehtiyac yoxdur. Hökumət elə şərait yaratmalıdır ki, yerli və xarici investor özü gəlib zavod və fabrik tiksin. Bu gün əsas problem vergitutma, gömrük və idarəetmə sistemlərindəki xaosdur. İcra hakimiyyətləri biznesə əngəllər yaradır. Əgər siyasi, hüquqi və iqtisadi islahatlar aparılsa, regionlarda investisiya axını və iş yerləri artar”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR