Argentina Böyük Britaniya ilə 1982-ci il Folklend müharibəsi nəticəsində tətbiq edilən müasir silahların ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasını müzakirə edir.
Musavat.com xəbər verir ki, bunu Argentina prezidenti Xavyer Miley "The Daily Telegraph" qəzetinə verdiyi müsahibədə deyib: "Dünya dövlətləri hərbi güc olmadan fəaliyyət göstərə bilməz. Əgər bir ölkə öz sərhədlərini qoruya bilmirsə, bu, beynəlxalq kontekstdə nəzərə alınmır". Argentina ilə Böyük Britaniya arasında silah satışına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı danışıqların başlayıb-başlamadığına dair suala Miley müsbət cavab verib.
Qəzetin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası bu danışıqlarda vasitəçi rol oynayır və Argentinanı "Cənubi Atlantika və Antarktidada Rusiya və Çinə qarşı mühüm dayaq" kimi görür.
Argentina lideri həmçinin 2026-cı ilin aprel və ya may aylarında Böyük Britaniyaya səfər etmək niyyətini açıqlayıb. Qəzetin məlumatına görə, əgər səfər baş tutarsa, Miley 1998-ci ildən bəri Böyük Britaniyaya səfər edən ilk Argentina prezidenti olacaq. Miley həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmeri Buenos Ayresə səfərə dəvət edib.
Folklend adalarının statusu barədə danışan Miley məsələnin referendum yolu ilə həll olunacağını bildirib. "Mən ərazini heç vaxt verməyəcəyəm, amma aydındır ki, sonda insanlar ayaqları ilə səs verəcəklər (səs verməyə gəlməməklə və bununla da səs vermək istəmədiklərini ifadə etməklə - red.). Əgər yüksək həyat səviyyəsini təmin edən şərait yaradılarsa, onların bu ərazini Argentina ərazisi kimi tanımağa daha çox meylli olmaları tamamilə mümkündür".
Musavat.com






