İnsanlara hürriyət, millətlərə istiqlal!

AST Telmanın həbs olunan qardaşından XƏBƏR VAR

1502 21.04.2026 09:53 Kriminal A A

Azərbaycanlı biznesmen, “Çerkizovski” bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı, ikiqat qətldə təqsirli bilinərək uzunmüddətli həbs cəzası alan Rafiq İsmayılov cəzasının yüngülləşdirilməsi üçün məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, “İsmayılovlar işi” kimi tanınan səs-küylü cinayət işi üzrə 17 il müddətinə ciddi rejimli koloniyada cəza çəkən Rafiq İsmayılov qalan müddətin məcburi əmək ilə əvəz olunmasını istəyir.

Onun vəkili artıq bununla bağlı məhkəməyə rəsmi vəsatət təqdim edib.

Məlumata görə, qətlə yetirilən şəxslərin yaxınları bu addıma kəskin etiraz edir və İsmayılovun həbsdə qalmasını tələb edirlər.

Xatırladaq ki, iş üzrə həmçinin Telman İsmayılov və onun digər qardaşı Vaqif İsmayılov da ittiham olunurlar. Onlar hazırda xaricdədir və istintaqdan yayınmaqda günahlandırılırlar.

2017-ci ildə Moskvanın Basman məhkəməsi Telman İsmayılovu qətlin təşkilində ittiham edərək qiyabi həbs qərarı çıxarıb.

Qardaşlar “Stroymarket” ticarət mərkəzinin təsisçisi Vladimir Savkin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilevin qətlə yetirilməsində təqsirli bilinirlər.

İddialara görə, motiv 5,5 milyon dollarlıq borcun qaytarılmasından yayınmaq olub. Savkinin qohumları bildirib ki, R.İsmayılovla V.Savkin iri biznesin şəriki olublar və biznesin satışından sonra R. İsmayılov bütün pulları özünə götürüb.

Hadisə 2016-cı ilin mayında Moskva vilayətində baş verib. Killer Mehman Kərimov biznesmenlərlə guya borc məsələsini müzakirə etmək üçün görüşüb, onların “Land Cruiser” markalı avtomobilinə minib və hər ikisini güllələyib. Daha sonra avtomobil Novoriqa şosesində yol kənarındakı maneəyə çırpılmış vəziyyətdə tapılıb.

İstintaq materiallarına görə, Rafiq İsmayılov qətlin icrasında birbaşa iştirak etməsə də, killerin hadisə yerinə gətirilməsi və oradan uzaqlaşdırılması, eləcə də silahın gizlədilməsində rol oynayıb.

Bu səbəbdən o, 17 il, Mehman Kərimov isə 13 il azadlıqdan məhrum edilib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR