Avropanın aşağı büdcəli aviaşirkətləri Moskva və Kiyev arasında potensial sülh müqaviləsindən sonra Ukraynaya qayıtmağa hazır olduqlarını bildiriblər.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) qəzeti yayıb. Bildirilir ki, avişirkətlər sülhdən sonra Ukraynanın "turizm bumu" yaşayacağına inanırlar.
Macarıstanın Wizz Air aviaşirkəti qəzetə bildirib ki, iki il ərzində ölkədə 15 təyyarə yerləşdirməyi və yeddi il ərzində bu rəqəmi 50-yə çatdırmağı planlaşdırır. Qəzet Wizz Air-in baş direktorundan sitat gətirib: "Biz bunu planlaşdırmışıq və hava məkanı açılan kimi çox tez bir zamanda fəaliyyətimizi bərpa edəcəyik". O, Ukraynada da texnogen və ya təbii fəlakətlərdən təsirlənən ərazilərdə olduğu kimi turizmdə artım olacağına inanır.
İrlandiyanın Ryanair aviaşirkəti də atəşkəsdən sonra iki həftə ərzində uçuşları bərpa edə biləcəyini bildirib: "Uçuşlar üçün biletləri iki həftə ərzində satmağa başlayacağıq; Yeganə sual uçuşların nə zaman təhlükəsiz olacağıdır".
Qəzetin məlumatına görə, Britaniyanın EasyJet aviaşirkəti ilk dəfə Ukraynaya uçuşlar həyata keçirmək istəyini bildirib. Lakin şirkətin baş direktoru FT-yə bildirib ki, aviaşirkətin Ukrayna ərazisində təyyarə yerləşdirmək üçün yaxın vaxtlarda heç bir planı yoxdur.
Musavat.com






