İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi şeytanın “ayağını” sındırdı – Naxçıvan LAYİHƏSİ işə düşür

1263 30.01.2026 18:33 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ), Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Naxçıvan dəmir yolu layihəsi üçün texniki-iqtisadi əsaslandırma işlərini həyata keçirəcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin bununla bağlı bəyanatında layihənin həm ölkə daxilində, həm də daha geniş regionda mobilliyin və iqtisadi axınların yaxşılaşdırılması üçün mühüm bir investisiya olduğu vurğulanır:

“Bu dəmir yolu Avropa və Mərkəzi Asiyanı planlaşdırılan 15 günlük tranzit marşrutu çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Transxəzər Nəqliyyat Magistralının bir hissəsini təşkil edəcək. Avropa ilə Asiya arasında şaxələndirilmiş, etibarlı və sabit marşrutlar ortaq strateji maraqlara xidmət edir, qarşılıqlı fayda gətirir və həddindən artıq asılılıq risklərini azaldır”.

Qeyd edək ki, bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi barədə əldə edilən razılıq əsasında mümkün olub. Razılığa əsasən, tərəflər nəqliyyat, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələrin qurulması yolu ilə yeni iqtisadi imkanlar yaratmağı, uzunmüddətli ortaq rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyirlər.

Musavat.com xatırladır ki, yanvar ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da dövlət katibi Marko Rubio ilə görüşüb və iki ölkə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu Layihəsinin (TRIPP) bir hissəsi olaraq Ermənistanda nəqliyyat marşrutlarının inkişafı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Dövlət Departamenti tərəfindən dərc edilən “yol xəritəsi” layihəsinə əsasən TRIPP Development şirkəti TRIPP infrastrukturunun inkişafı və tətbiqi üçün məsuliyyət daşıyacaq. Şirkət ABŞ tərəfindən idarə olunacaq. Yol xəritəsində Ermənistanın ABŞ-a şirkətdə 74 faiz, Ermənistana isə 26 faiz pay təklif etmək niyyətində olduğu göstərilir: “Bu müqavilənin daha 50 il uzadılması və Ermənistan hökumətinə əlavə səhmdar hüquqlarının verilməsi gözlənilir. Müqavilə onun səhmlərini 49 faizə çatdıracaq”.

Hər iki hadisə Azərbaycan-Ermənistan-Türkiyə birgə layihəsi olacaq Zəngəzur nəqliyyat dəhlizində iki qlobal gücün iştirakının reallığa çevrildiyini göstərir. Avropa İttifaqının layihədə həm iqtisadi, həm siyasi maraqları var. İqtisadi maraqlar bəllidir: Asiyadan Avropaya ildə 400-500 milyard dollara çatan yükdaşımaların ən qısa marşrutunu təmin etmək. Bu, həm yüklərin vaxtında çatdırılmasına, həm də daşımaların su yollarındakı tez-tez baş verən münaqişələrin (Xüsusilə Qırmızı dəniz hövzəsində - red.) təsirindən uzaq olmasına imkan yaradacaq.

Aİ-nin siyasi məqsədi isə bilavasitə Rusiya və İranla bağlıdır. Yükdaşımalar bu iki ölkənin ərazisindən kənar marşrutla reallaşdırılacaq, Avropanın tranzit sahəsində Rusiyadan asılılığı aradan qalxacaq, İrandan asılılıq olmayacaq.

ABŞ-nin hazırkı hakimiyyəti də Ermənistandan keçəcək dəhlizdə üstün pay almaqla həm siyasi, həm də iqtisadi maraqlarını təmin etməyə çalışır. Siyasi maraqlar Cənubi Qafqazda möhkəmlənmək, Rusiyaya qarşı müqavimət mərkəzi kimi Ermənistanı gücləndirmək, İranı bölgədən kənarlaşdırmaq, eyni zamanda, dəhlizi nəzarətdə saxlamaqla Azərbaycana da təsir imkanı qazanmağı nəzərdə tutur. İqtisadi maraqlar isə əlbəttə, sürətlə artacağı gözlənilən yükdaşımalardan faydalanmağı özündə ehtiva edir.

Beləliklə, 2020-ci ildə - Vətən Müharibəsindən dərhal sonra Azərbaycanın təşəbbüsü ilə başladılan və ötən müddətdə məhz Bakının və Türkiyənin təkidi ilə gündəmdə saxlanan layihənin reallaşması istiqamətində çox mühüm addımlar atılır. Aydın məsələdir ki, Azərbaycan layihənin icrası üçün zəruri infrastruktur proqramlarını, o cümlədən Naxçıvan dəmiryolunun yenidənqurulması işlərini öz gücünə də həyata keçirə bilər: indiyədək Transxəzər və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə ortaya qoyulan təcrübə var.

Lakin mövcud şəraitdə ABŞ, Avropa İttifaqı və AYİB-in layihəyə qoşulması onun beynəlxalq əhəmiyyətli layihə statusu almasını təmin edir. Bu isə nüfuzlu özəl investorları da layihəyə yönəlməyə stimullaşdıracaq. Xüsusilə ABŞ-nin iştirakçısı olduğu layihəyə qoşulmaq istəyənlər getdikcə artacaq. Nüfuzlu özəl investorların Azərbaycana gəlişi onların digər nəqliyyat layihələrinə də maraqlandırılması üçün əlverişli şərtlər formalaşdıracaq. Bu isə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, əlavə gəlir mənbələrinin yaranması baxımından mühüm fürsətlər yaradacaq. Azərbaycan həm Naxçıvanla birbaşa və daha qısa əlaqəyə sahib olacaq, həm öz məhsullarını qısa yolla Türkiyə və Avropaya çatdırmaq imkanı qazanacaq, həm də Asiyadan Avropaya daha çox həcmdə yük ötürməklə tranzitdən irihəcmli gəlirlər əldə edəcək.

Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu ildən etibarən Naxçıvanı vergisiz bölgə elan edib. İşğaldan azad olunmuş ərazilərdə vergi-rüsum, sosial ödəniş və digər sahələrdə tətbiq olunan böyük azadolmalar Naxçıvana da şamil edilib. Bu amil bölgəyə investorların cəlbi baxımından mühüm faktordur...

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR