İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı üçün Azərbaycanı əvəz edəcək alternativ yoxdur, olmayacaq da- Brüsselə xəbərdarlıq

411 11.12.2025 14:14 Dünya A A

Ermənistanın Avropa İttifaqıyla imzaladığı “Strateji Tərəfdaşlıq Gündəliyi” qonşu ölkənin Xarici İşlər Nazirliyinin iddia etdiyi kimi, sadəcə ikitərəfli əlaqələri əhatə etmir.

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında bildirib.

Sahib Əliyev: Ermənistanın təkrar belə rəzil vəziyyətə düşməsi diplomatiyamızın uğurudur

Qeyd edək ki, dekabrın 2-də Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd rəsmi Bakı tərəfindən sərt etirazla qarşılanıb. İmzalanan sənəd faktiki olaraq Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalara qarşıdır və situasiyanı gərginləşdirməyə xidmət edir.

S.Alıyev saytımıza açıqlamasında Aİ-Ermənistan anlaşması barədə bunları söylədi:

“Orada olmayan ərazi vahidindən dəm vurulması, Qarabağdan özləri gedənlərin Azərbaycanın keçirdiyi antiterror əməliyyatının hədəfləri kimi təqdim edilməsi, örtülü şəkildə də olsa onların geri qayıtmaları tələbinin yer alması, revanşizm və növbəti saxta tarix üçün ayaq yeri qoyulması, terrorçuların, hərbi cinayətkarların da “əsir” adlandırılaraq həbsdən buraxılmaların istənilməsi ikitərəfli əlaqələr çərçivəsini çıxaraq birbaşa bizə qarşı yönəlib. Brüsseldəkilər əgər bununla qarşıdakı seçkidə Nikol Paşinyanın mövqeyini gücləndirdiklərini düşünürlərsə, bu, ayı xidmətidir. Çünki hazırda Ermənistan baş nazirinin əlində ən güclü kart regionda sülhün olmasıdır ki, sözügedən sənəddə də bunun dəstəkləndiyi vurğulansa da, az öncə gətirdiyimiz faktlardan da göründüyü kimi, bütövlükdə o, qarşıdurmaya xidmət edir”.

Milli Məclis üzvü bildirdi ki, Avropa İttifaqı Azərbaycana təzyiq yoluyla bizim regionda daha güclü mövqe əldə etməyə çalışırsa, yenə səhv yoldadır: “Görünür, haylar kimi oradakılar da öz acı təcrübələrindən düzgün nəticə çıxarmayıblar. Azərbaycana təzyiq, onu edənlər üçün həmişə əks effekt verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsselin hər dediyi ilə durub-oturmayan Slovakiyaya məhz bu günlərdə rəsmi səfərə getməsi də onu göstərir ki, biz Avropa İttifaqının bu cür addımlarının qarşılığında onun ayrı-ayrı üzvləri ilə ikitərfli formatda əməkdaşlığa daha çox üstünlük verməklə, qurumun özünə yanaşmada, beynəlxalq əlaqələrdə heç də az rast gəlinməyən cavabsız qoymama prinsipindən çıxış edəcəyik. Yəni Ermənistanla imzalanan sənədlərdə Azərbaycanın maraqları nə qədər nəzərə alınıbsa, qlobal oyunçuların bizim regionda maraqlarını təmin etmək yarışlarında da Avropa İttifaqınınkı bir o qədər nəzərə alınacaq”.

S.Alıyev Aİ rəhbərliyinə vacib mesajları da çatdırdı: “Brüsseldə unutmamalıdırlar ki, əməkdaşlıq üçün Azərbaycanın alternativləri var və o alternativlər elə həm də Qərbin özündədir. Bu regionda isə Avropa İttifaqı üçün Azərbaycanı əvəz edəcək alternativ yoxdur, olmayacaq da. Yeri gəlmişkən, müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin ardından ötən gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysın Bakıya təşrif gətirməsi, ümumiyyətlə, bu dövlətin bizim regiona yanaşmada balanslı və sülh gündəliyinə xidmət edən siyasəti fonunda Avropa İttifaqının bu cür davranışları Brüsseldəkilərin strateji baxışlarının məhdudluğunu və “Brexit”in vaxtında atılmış düzgün bir addım olduğunu göstərir”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR