Avropa İttifaqında Ukraynanın silahlandırılması məsələsində yeni fikir ayrılığı yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Müəlliflər Qreqorio Sorgi and Bjarke Smith-Meyerin xəbərinə görə, Fransa Ukraynaya ayrılan 90 milyard avroluq kredit paketinin yalnız Avropa hərbi sənaye müəssisələrindən alınacaq silahlara xərclənməsini istəyir. Almaniya və Niderland isə buna qarşı çıxır və Kiyevin zərurət olduqda ABŞ istehsalı olan sistemləri də almaq imkanına malik olmasını tələb edir.
Mənbələrin bildirdiyinə görə, Parisin məqsədi Avropa müdafiə sənayesini möhkəmləndirmək, eyni zamanda Vaşinqtona maliyyə axınını azaltmaqdır. Lakin Berlin və Haaqa bunu Ukraynanın müdafiə qabiliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirir. Niderland bəyan edib ki, hazırda Aİ-nin müdafiə sənayesi xüsusən hava hücumundan müdafiə və uzun mənzilli zərbə sistemləri sahəsində tələbatı qısa zamanda ödəyə bilmir və Kiyevin ABŞ istehsalı F-16 sursatı, hava hücumundan müdafiə sistemləri və ehtiyat hissələrinə ehtiyacı var.
Fransanın təklif etdiyi sərt “yalnız Avropa istehsalı” şərtinə yalnız Yunanıstan və Kipr dəstək verir. Əksər ölkələr ümumi “Avropanı üstün tutmaq” prinsipini qəbul etsələr də, tam qadağanı məqbul saymırlar.
Bu mübahisə ABŞ ilə Avropa arasında müdafiə sahəsindəki daha geniş gərginliyin fonunda baş verir. Fransa son illər Aİ-nin müdafiə avtonomiyasını artırmağa çalışır, xüsusən də ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsində sərt addımları fonunda transatlantik münasibətlərdəki çatlar dərinləşib.
Bildirildiyinə görə, kredit paketinin təxminən üçdə ikisi Ukraynanın hərbi ehtiyaclarına yönəldiləcək. Almaniya isə Fransa ilə ziddiyyətli olaraq üçüncü ölkələrdən alınan silahların tam şəkildə məhdudlaşdırılmasına qarşı çıxıb və hətta Ukraynaya Aİ xaricindən təcili alınacaq sistemlər üçün ayrıca kvota ayrılmasını təklif edib.
Diplomatlar hesab edirlər ki, Fransanın bu mövzuda veto imkanı olsa belə, qərar sadə çoxluqla da qəbul edilə bilər. Bununla belə, Paris kredit paketinin iqtisadi və sənaye baxımından həm də Avropa müdafiə bazarına işləməsini istəyir. Müzakirələrin gələn həftələrdə daha da kəskinləşəcəyi gözlənilir.
Musavat.com






