Avropa Parlamenti İranda etirazçıların repressiyaya məruz qoyumasını pisləyib və İran hakimiyyətinə müxalif olan qüvvələrə dəstəyini ifadə edib. Qəbul edilən qətnamədə, həmçinin, Avropa Şurasına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına salınması və İran hakimiyyətinin əsas rəsmilərinə qarşı sanksiyaların genişləndirilməsi çağırışı edilib.
Bununla yanaşı, Avropa Parlamenti ayrıca keçirilən səsvermədə İran şahının oğlu Rza Pəhləvinin bu qurumun plenar iclasında çıxış etməsinə əleyhinə qərar da qəbul edib. Qərar belə əsaslandırılıb ki, bu dəvət monarxiyanın dəstəklənməsi kimi qiymətləndirilə bilər.
Səsvermənin nəticələrinə əsasən, 382 deputat Rza Pəhləvinin dəvətinə qarşı çıxıb, 132 deputat lehinə səs verib. 96 deputat isə bitərəf qalıb.
Siyasi analitiklər hesab edir ki, bu qərar Avropa İttifaqının İran hakimiyyətini açıq şəkildə qınamaqla yanaşı, şahın oğlunun hakimiyyətə gətirilməsi planına qarşı çıxmaqdır. Yoxsa bu qərar, sadəcə, Avropa ilə ABŞ arasında Pəhləvi ilə bağlı fikir ayrılığının təzahürüdür?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Avropa Parlamenti son illər İran məsələsində kifayət qədər ardıcıl normativ xətt yürüdür:
“Avropa institutları üçün risk ondan ibarətdir ki, Rza Pəhləvinin çıxışı monarxiyanın siyasi alternativ kimi tanınması kimi yozula bilər. Bu isə Avropa Parlamentinin “iranlılar öz gələcək siyasi sistemini özləri müəyyən etməlidir” prinsipinə ziddir. Xüsusən də Pəhləvi soyadı İran daxilində ciddi parçalanma yaradan simvol olaraq qalır. Bu qərar Avropanın tarixdə qalmış keçmiş siyasi sistemlərin yenidən dirildilməsini dəstəkləmədiklərinin nümayişdir”.
Siyasi şərhçiyə görə, Pəhləvi məsələsinə münasibətdə Avropa ilə ABŞ-ın yanaşmasında müəyyən qədər fərqlər açıq görünür ki, AP-nin qərarı bunu bir daha üzə çıxarıb: “ABŞ Pəhləvini İran hakimiyyətinə alternativ kimi ilkin olaraq nəzərdən keçirir, ən azı Pəhləvini tamamilə kənara atmır. Sanki ehtiyat variant kimi əldə saxlayırlar. Avropa İttifaqı isə belə görünür ki, Pəhləvi variantını birmənalı rədd edir”.
Etibar SEYİDAĞA,
Musavat.com






