Avropa İttifaqı ABŞ prezidentinə açıq mesaj göndərib: Ukrayna üzrə danışıqlarda atəşkəsə nail olmaq adı altında Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətdən azad edilməsi yolverilməzdir.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının ədalət və demokratiya üzrə komissarı Maykl MakQrat Politicoya açıqlama verib.
MakQrat bildirib ki, danışıqlar aparan tərəflər atəşkəsin əldə olunmasına çalışsa da, bu proses Rusiyanın beynəlxalq hüquqa zidd əməllər üçün hüquqi təqibdən yayınmasına səbəb olmamalıdır. Onun sözlərinə görə, Avropa ittifaqı bütün müzakirələrdə bu mövqeni açıq şəkildə müdafiə edəcək.
"Politico" yazır ki, Avropada ciddi narahatlıq doğuran məqam ABŞ-ın ilkin “28 bəndlik sülh planı”nda rusiyalı hərbi və siyasi şəxslər üçün tam amnistiyanın nəzərdə tutulması olub. Bu məsələ Avropa paytaxtlarında ciddi etirazla qarşılanıb.
MakQrat fikrini belə davam etdirib:
“Əgər bu cinayətlərə görə cəzasızlıq yaratsaq, növbəti hücumun və yeni işğal dövrünün toxumlarını səpmiş olarıq. Bu, tarixi miqyasda fəlakət qədər böyük səhv olardı".
Avropa tərəfi bildirir ki, Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslər — istər əmr verən, istər icra edən — beynəlxalq tribunal qarşısına çıxmalıdır və bu prinsip hər hansı siyasi razılaşmanın qurbanına çevrilə bilməz.
Musavat.com






