Musavat.com xəbər verir ki, Polşanın Podlasye vilayətində sərhəd təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qeyri-qanuni miqrasiya ilə məşğul olan erməni mənşəli şəxslərin də içində olduğu transmilli cinayətkar şəbəkəyə zərbə vurulub.
Əməliyyat zamanı həm polşalı vətəndaşlar, həm də Ermənistan pasportu daşıyan şəxslər saxlanılıb. Onlar İrandan Avropaya istiqamətlənən qanunsuz miqrant axınını təşkil etməkdə və miqrantları daşımaqda ittiham olunurlar.
Polşa sərhəd xidməti qeyd edir ki, bu cür “nəqliyyatçılar” sadəcə sürücü deyil, daha geniş bir cinayətkar sistemin – maliyyələşdirmə, saxta sənədlər, marşrut koordinasiyası və qaçaqçılıq – bir parçasıdır. Rəsmilərin məlumatına görə, yalnız 2025-ci ilin ilk 11 ayında 239 nəfər bu cür şəbəkələrə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, Musavat.com bir neçə gün əvvəl Polşa nəşrinin araşdırmasına istinad edərək Avropada fəaliyyət göstərən erməni cinayətkar qruplaşmaları haqqında geniş reportaj dərc etmişdi. Həmin məqalədə qeyd olunurdu ki, erməni mənşəli şəxslərdən ibarət bir şəbəkə Avropanın bir çox ölkəsində fəaliyyət göstərir və bu şəbəkə qanunsuz miqrasiya, saxta sənəd dövriyyəsi, malların qeyri-leqal daşınması, barmaq izi manipulyasiyası və digər qanunsuz sxemlərlə məşğuldur. Həmin yazıda şəbəkənin əsas düyün nöqtələrinin Almaniya, Fransa, Polşa və Niderland olduğu da göstərilmişdi.
İstintaq materialları saxlanılanların əksəriyyətinin Ermənistan vətəndaşları olduğunu ortaya qoyub. Polşanın media resursları şəbəkənin aparıcı fiqurlarının adlarını yayıblar. Saxlanılan erməni mənşəli şəxslərin əsas adları budur:
* Karen Martirosyan
* Arutak Saakyan
* Vahe Petrosyan
* Samvel Torosyan
* Gevorq Arakelyan
* Arman Minasyan
Hüquq-mühafizə əməkdaşlarının sözlərinə görə, bu şəxslər uzun illərdir Polşa və region ölkələrində Ermənistan mərkəzli kontrabanda şəbəkəsini idarə edən əsas həlqələrdir. CBŚP nümayəndələri də aşkarlanan xəttin Avropanın ən peşəkar və ən gizli qanunsuz istehsal məntəqələrindən biri olduğunu bildiriblər. Polşadakı mənbələr isə təsdiqləyiblər ki, şəbəkənin həm istehsal, həm logistika, həm də satış qollarında açıq “erməni izi” mövcuddur.
Görünən budur ki, erməni mafiyasının fəaliyyəti artıq ayrı-ayrı ölkələrin hüquq-mühafizə orqanları tərəfindən konkret şəkildə hədəfə alınıb və ifşa olunma prosesinə start verilib.

Əldə olunan son məlumatlara görə, Avropada yaşayan və Ermənistan mənşəli şəxslərin bir qismi xüsusi müşahidə altına alınıb. Onların bir çoxu qeyri-qanuni yolla Avropa İttifaqı ərazisinə daxil olan şəxslərə yardım etdiklərinə görə sorğu-sual olunur. Hüquq-mühafizə qurumları bu şəxslərin Ermənistanla qaranlıq əlaqələrini və potensial “dövlət dəstəyi” ehtimalını da istisna etmir.
Bəzi ölkələr bu fəaliyyətləri xüsusi kəşfiyyat şəbəkələrinin pərdələnmiş forması kimi qiymətləndirirlər. Hüquqi və kriminal xarakter daşıyan bu cinayətkar dairələrin sıradan çıxarılması Avropanın ümumi təhlükəsizlik strategiyası üçün prioritet hal alıb.
Proses davam edir: Şəbəkə çökür
Ən son Polşa əməliyyatı göstərir ki, erməni mafiyasına qarşı genişmiqyaslı Avropa kampaniyası artıq aktiv fazaya keçib. Artıq sadəcə “nəqliyyatçılar” deyil, bu işin arxasında duran təşkilatçılar, əlaqəçilər və maliyyə təminatçıları da hədəfdədir. Prosesin yaxın aylarda digər Avropa ölkələrində – Almaniya, Belçika, Fransa, Niderland və Litvada da davam edəcəyi bildirilir.

Musavat.com Polşa mediasına istinadən yazır ki, bu gün Sejny bölgəsində baş tutan geniş çaplı yeni əməliyyatda 54 yaşlı Ermənistan vətəndaşı Armen Gevorkyan saxlanılıb. O, idarə etdiyi Citroën markalı avtomobildə üç İran vətəndaşını Litva-Polşa sərhədindən qanunsuz şəkildə ölkəyə keçirərkən yaxalanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Gevorkyan miqrantları sərhəddə “qeyri-rəsmi keçid nöqtəsindən” daxil edib və onların sənədləri olmayıb.
Avropa səviyyəli təmizləmə: Növbəti dayanacaq – Almaniya və Fransa
Hüquq-mühafizə dairələrinə əsasən, bu əməliyyatlar yaxın həftələrdə Almaniya, Niderland, Fransa və Belçika ərazilərində də davam etdiriləcək. Məqsəd – Erməni əsilli mafiyanın Avropada miqrasiya alveri və cinayətkar sistemini tamamilə sıradan çıxarmaqdır.
Musavat.com






