ABŞ, Rusiya və Ukrayna arasında sülh planının əsas məqamları ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün uzun müddətə ehtiyac duyulacaq.
Musavat.com xəbər verir ki, bunu "The Wall Street Journal" qəzeti Avropa rəsmilərinə istinadən yazıb.
Qəzetin mənbələri qeyd edib ki, əgər döyüş meydanında heç bir əhəmiyyətli dəyişiklik baş verməsə, ölkələr əsas məsələləri "həftələr və ya aylar" müzakirə edə bilərlər.
Qəzetin mənbələrindən biri bildirib: "Biz bilirik ki, amerikalılar sürətli nəticələr istəyirlər. Digər tərəfdən, müzakirə olunan məsələlərin mürəkkəbliyi nəzərə alınmaqla necə sürətli nəticələr əldə edə biləcəyimizi təsəvvür etmək çətindir".
Avropa rəsmiləri ABŞ-ın Ukraynaya sülh planını tez qəbul etməsi üçün təzyiq göstərdiyini, lakin planın işləməsi üçün zəruri məsələlərin belə qısa müddətdə razılaşdırılmasının texniki baxımdan belə mümkün olmadığını deyiblər.
Musavat.com






