İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın divləri “Qarabağ”ın qapısını döyəcək - o satılarsa...

2254 03.12.2025 14:20 İdman A A

Azərbaycan çempionu “Qarabağ” son oyunlarda milyonların rəğbətini qazanan qapıçısı Mateuş Koxalskini itirə bilər.

25 yaşlı polşalı qolkiperə “elçi” düşənlərin sayı getdikcə artmaqdadır. “Köhlən atlar”ın Çempionlar Liqasının Liqa mərhələsinə düşməsində və bu mərhələdə indiyə qədər 7 xal toplamaqla ən sürpriz komanda olmasında böyük əməyi olan Mateuş Koxalskini bu gedişlə Ağdam klubu sata bilər. Belə ki, artıq onun transfer dəyəri də müəyyən edilib, 7 milyon avro...

deb06614-d2bb-3673-a549-9edb7f8a64c7_825.jpg (52 KB)

Heç şübhəsiz ki, bu transfer reallaşarsa, Koxalski ölkə futbolunda ən yüksək dəyərə satılan futbolçu olacaq. Artıq polyak qapıçı ilə TOP5-də qərarlaşan ölkələrin nəhəngləri maraqlanmağa başlayıb. İndiyə qədər olan məlumata görə, bunlar Almaniyanın “Borussiya Dortmund” klubu və İtaliya çempionu “Napoli”dir.

Qeyd edək ki, Çempionlar Liqasında “Qarabağ” üçün qarşıda 3 kritik oyun var. Bunlar “Ayaks”, “Ayntraxt” və “Liverpul” oyunlarıdır.

“Qarabağ” bir kərə qapıçı satışına görə ciddi tənqidlərə məruz qalıb. Rusiyalı qapıçı Andrey Lunyovun gedişindən sonra Ağdam klubu qapısında sıxıntılar yaşamışdı və azarkeşlərin haqlı iradlarına məruz qalmışdı.

İndi necə, Ağdam klubu Mateuş Koxalskini də satmalıdırmı?

KANAN.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev polşalı qapıçının satılmasının əleyhinədir:

“Koxalski əla qolkiperdir. Hazırda çox yaxşı çıxış edir, formadadır, forması yüksəlişə doğru gedir. Bu, “Qarabağ” üçün müsbət məqamdır. Çünki komandanın ona ehtiyacı var. Böyük turnirlərdə qapıçı mövqeyi xüsusi əhəmiyyət daşıyır. Yaxşı qapıçı qələbənin yarısıdır. Mateuş ona olan etimadı doğruldur. “Napoli” matçı isə bu işin zirvəsi oldu.

Müştərilərinin çoxalması, diqqət mərkəzinə düşməsi normaldır. Yenə də olacaq, daha da artacaq. 7 milyon avro da az qiymətdir. Performansını bu formada davam etdirsə, azı 10-12 milyonluq dəyər qazanacaq. Klub onu satmalıdırmı? Xeyr, satmamalıdır.

“Qarabağ” qarşısına böyük hədəflər qoyursa, daim ÇL səviyyəsində olmaq istəyirsə, satmaq yox, almaq, eyni zamanda əlinin altında olanları saxlamaq fikrində olmalıdır. Ancaq bir məqam da var: futbolçu özü getmək istəyə bilər. Bu halda işlər dəyişir. Zorla saxlanılan oyunçudan keyfiyyətli futbol gözləmək olmaz. Ortaq məxrəc tapılmalıdır. Gözləyək. Hələ ki, bu transfer söhbətləri rəsmi təklifə qədər gəlib çıxmayıb. Rəsmi olanda durum tamamilə fərqli olur”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR