Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir. Fövqəladə Hallar Nazirliyi (FHN) isə həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib, yanğın təhlükəsinə qarşı qaydalara ciddi əməl etməyə çağırıb.
Həkimlər də əhalini diqqətli olmağa çağırırlar. Belə ki, yay aylarında istivurma və günvurma bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur. İstivurma və günvurmanın əsas əlamətləri üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın açılmasası və görmə qabiliyyətinin pozulmasıdır. Bu hallarda şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxarmaq lazımdır. İsti aylarda bol maye qəbul edilməlidir.
Bu mövsümdə təzə meyvə və tərəvəz yemək çox faydalıdır, belə ki, isti havada orqanizm susuzlaşır. Hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilərin istehlakı isə tövsiyə edilmir. İsti havalarda həddindən artıq idman etmək də insan səhhəti üçün təhlükəli ola bilər.
Mütəxəssislər, həmçinin, Günəş eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə etməyi tövsiyə edirlər. Açıq havada altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.
![]()
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, son zamanlar iqlim dəyişikliyi adaptasiyanı çətinləşdirir: “Xüsusilə xroniki xəstəliyi olan insanlar, yaşlılar, əsasən ürək-damar xəstəlikləri olanlar mümkün qədər diqqətli olmalıdırlar. Hərarətin çox yüksək olduğu saatlarda evdən çıxmamaq tövsiyə olunur. Eyni zamanda, fiziki aktivlikdən uzaq olmaq, sərin qidalara üstünlük vermək lazımdır. Hər hansı nəzərəçarpan sağlamlıq problemləri üzə çıxarsa, bu zaman mümkün qədər qısa zamanda həkimə müraciət etmək məsləhətdir”.
Nigar Həsənli,
Musavat.com






