İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın yeni parlayan ulduzu

1809 25.02.2026 21:41 İdman A A

UEFA Çempionlar Liqasının 2025/26-cı illər mövsümü sürpriz nəticələrlə tarixə keçməkdədir. Heç şübhəsiz ki, bu turnirin hazırkı mərhələsinə qədər ən çox xariqələr yaradan klub Azərbaycan çempionu “Qarabağ” oldu. Bütün dünyada “Köhlən atlar”ın bu ilki Çempionlar Liqası yolu maraqla izlənildi və alqış aldı. Amma Ağdam təmsilçisini bu turnirdə tək saymaq ən azından bir kluba qarşı haqsızlıq olardı...
Hər kəsin oyunlarını maraqla izlədiyi digər gözoxşayan klub Norveç çempionu “Bodo-Qlimt” oldu. Bu klubun oyunçu heyətinin ümumi dəyəri 57 milyon avrodur. Norveç klubu bu kiçik maliyyə dəyəri ilə artıq Çempionlar Liqasının 1/8 mərhələsindədir və çeyrək finalın qapısını döyürlər. Özü də təsəvvür edin ki, “Bodo-Qlimt” 1/16 mərhələsində İtaliya nəhəngi “İnter”i yarışdan kənarda qoydu və bu gecənin sensasiyası kimi qəbul olundu. İki oyunun nəticəsinə əsasən, “İnter”in qapısından nə az, nə də çox, düz 5 top keçirməyi bacardılar, qapılarında isə yalnız 2 top gördülər. Həm öz meydanlarında, həm də səfərdə qalib gəldilər. Bu sıradan bir nəticə deyil, bir tarixdir.

Hazırda bütün dünyada müzakirə edilən, büdcəsi ilə turnirin digər klubları arasında sonuncu yerdə qərarlaşan Norveç komandası haqqında məlumat verək: Bu klub Norveçin ən sürətlə yüksələn və qabaqcıl futbol klublarından biridir. 1916-cı ildə qurulub və təsəvvür edin ki, ev oyunlarını keçirdiyi stadion cəmi 8270 nəfərlik tutuma malikdir. Rəngləri əsasən, sarı və qaradır. 4 dəfə ölkələrində çempion, iki dəfə isə, kubokun qalibi olublar. Şimal Norveç Kubokunda isə, 9 dəfə birinci olublar. “Bodo-Qlimt” Şimal Norveçdən çıxan ilk milli çempion komandadır və həm də region üçün böyük fəxr mənbəyidir.

Əslində, “Bodo-Qlimt” bu yerə təsadüfi gəlib çıxmayıb. Klub bir ay öncə ingilis nəhəngi “Mançester Siti”yə 3-1 hesabı ilə qalib gəldi. Belə bir nəticə həm kluba, həm də Norveç futboluna böyük etimad qazandırdı Əvvəlki mövsümlərdə “Bodo-Qlimt” bir çox möhtəşəm Avropa oyunları keçirib. 2021-22-ci illər mövsümündə Konfrans Liqası qrupunda “Roma”ya 6-1 hesabla qalib gəldikləri zaman əslində “biz gəlirik” mesajını vermişdilər. 2025-ci ildə isə UEFA Avropa Liqasında Lazio ilə qarşılaşmada penaltilərlə üstün çıxaraq yarımfinala yüksəliblər. Bu nəticələr “Bodo-Qlimt”i “kiçik klubdan Avropanın tanınmış komandasına” çevirdi. Klub çox hücum yönümlü, sürətli və əyləncəli futbolla tanınır. Adətən sürətli keçidlər, yüksək pressinq və kollektiv yanaşma ilə oynayırlar. “Qlimt” ləqəbi norveçcə “parıltı” mənasını verir. Bu da klubun sürətli və parlaq hücum futboluna işarədir Heç şübhəsiz ki, belə bir klubu Çempionlar Liqasının bu mərhələsində görmək hər bir, əsl futbol azarkeşi üçün böyük sevincdir. Təəssüflər olsun ki, bu mərhələdə “Qarabağ”ımızı görə bilmədik. Amma “Bodo-Qlimt”ə də baxmağa dəyər...

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR