İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana qarşı YENİ partiya-Türkiyə ÇALXALANIR

818 04.06.2026 15:53 Dünya A A

Keçmiş CHP sədri Özgür Özəl yeni partiya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl partiyanın mümkün hüquqi problemlərlə üzləşəcəyi halda yeni bir partiya lazım olduğunu bildirib.

O vurğulayıb ki, “fəlakət ssenarisi” kimi qiymətləndirilən ehtimallara qarşı yeni partiya hazırlıqları artıq başlayıb. Özəlin sözlərinə görə, CHP-nin seçkilərdə iştirak hüququnu itirməsi və ya qəfil seçki qərarı kimi hallarda ehtiyat variantın olması vacibdir. Bununla yanaşı, o, CHP-ni tərk etmək niyyətində olmadıqlarını vurğulayıb. Erkən seçki ehtimalına münasibət bildirən Özəl noyabrda seçki keçirilməsini dəstəkləyəcəyini deyib. “Namizədimizi müəyyənləşdirərik və prezidenti dəyişərik”, - deyə o qeyd edib.
Özəlin təsis edəcəyi partiya Türkiyə siyasətində nəyi dəyişəcək? Kılıçdaroğlu ilə CHP-nin yola davam etməsi partiyaya nə qazandıracaq?

Özgür Özel ve Kemal Kılıçdaroğlu

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, Özgür Özəl tərəfindən yeni partiya ilə bağlı səsləndirilən fikirlər əslində yeni siyasi təşkilat yaratmaq niyyətindən daha çox mümkün hüquqi və siyasi risklərə qarşı ehtiyat planı kimi qiymətləndirilməlidir: “Bununla belə, belə bir partiyanın yaradılması Türkiyə siyasətində müəyyən təsirlər doğura bilər. İlk növbədə qeyd etmək lazımdır ki, CHP hazırda ölkənin ən böyük müxalif siyasi qüvvəsidir və son bələdiyyə seçkilərində mühüm uğurlar əldə edib. Lakin partiya daxilində uzun müddətdir davam edən liderlik mübarizəsi və nəticədə Qurultayln nəticələrinin ləğvi ilə bağlı qərar CHP-də böyük çalxalanma yaradıb. Odur ki, artıq sədrlikdən uzalaşdırılmış Özgür Özəlin yeni partiya ideyasının gündəmə gəlməsi mümkün məhkəmə qərarları, partiyaya qarşı hüquqi prosedurlar və ya qəfil seçki ssenarilərinə hazırlaşdığını göstərir. Bu baxımdan məsələni hələ ki, birbaşa parçalanma yox, siyasi sığorta mexanizmi kimi dəyərləndirmək daha doğru olar. Amma əgər gələcəkdə belə bir partiya faktiki olaraq yaradılarsa, onun əsas təsiri müxalif elektoratın qorunmasına yönələcək. Türkiyədə siyasi partiyaların bağlanması və ya fəaliyyətlərinin məhdudlaşdırılması, ayrı-ayrı partiyalardan qopmalar və parçalanmalar təcrübəsi var. Odur ki, CHP-nin Özəl qanadı da yeni partiya ideyası ilə seçicinin təşkilatsız qalmasının qarşısını almağa çalışır. Yəni başqa sözlə Kılıçdaroğlunun sədrliyə qayıtmasından məmnun olmayan elektoratın səfərbər edilməsi üçün yeni partiyası ideyası gündəmdə saxlanılır. Bu addım xüsusilə erkən seçki ehtimalının gündəmdə olduğu dövrdə müxalifətin seçki qabiliyyətini saxlamaq məqsədi daşıya bilər.

Digər tərəfdən, yeni partiyanın meydana çıxması müəyyən risklər də yarada bilər. Müxalif seçicilər arasında çaşqınlıq formalaşa, təşkilati resursların bölünməsi və s. baş verə bilər. Belə vəziyyət təbii olaraq AKP və konkret Ərdoğan üçün müəyyən üstünlüklər yarada bilər. Çünki, xüsusilə son illərdə müxalifətin əsas gücü birlik görüntüsü nümayiş etdirməsində olub”.

R.Bayramov onu da qeyd etdi ki, burada məsələnin digər tərəfi isə Kılıçdaroğlu faktorudur: “Kılıçdaroğlunun CHP daxilində qalması partiyaya ənənəvi seçici bazasının bir hissəsini qorumaq imkanı versə də onun sədrliyi və seçkilərdə davamlı məğlubiyyəti səbəbilə digər bir hissəni itirməsinə səbəb ola bilər. Odur ki, CHP üçün indi ən uyğun olan qarşı duran tərəflərin ortaq məxrəcə gələ bilməsi və müəyyən balans yarada bilmələri ola bilər. Əgər ortaq məxrəcə gəlinərsə, partiya həm dəyişiklik mesajı verə, həm də ənənəvi seçicisini itirməyə bilər. Ümumilikdə isə Özgür Özəlin gündəmə gətirdiyi yeni partiya məsələsi hazırkı mərhələdə siyasi transformasiyadan çox strateji ehtiyat planı kimi görünür. Bunun reallaşması Türkiyə siyasətində ciddi zəlzələ yaratmaya da bilər. Lakin CHP daxilində liderlik və təşkilatlanma proseslərinin necə inkişaf edəcəyi həm müxalifətin gələcək seçki uğurlarını, həm də Ərdoğan hakimiyyətinə qarşı formalaşacaq alternativ siyasi xəttin perspektivlərini müəyyənləşdirəcək. Bu baxımdan məncə əsas məsələ yeni partiyanın yaranması deyil, müxalifətin vahid siyasi mərkəz ətrafında birləşməyi bacarıb-bacarmamasıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR